Uşaqlar doyandan sonra da zorla və ya müxtəlif vasitələrlə başını qataraq yedirən analar var. Bəs uşaqları çox yedizdirmək doğrudurmu?
Hər birimiz kök, ətli-canlı uşaq görəndə yanağını sıxıb oynadırıq. Onun kök olması valideynlərdə daha sağlam olduğu fikrini yaradır. Bu səbəbdən bəzi analar uşaqlarını çox yedizdirməyə çalışırlar.
Pediatr Telman Atayev Bugun.tv-yə açıqlamasında bildirdi ki, tez tez yedizdirmək sağlam böyümək anlamına gəlmir.
Pediatr deyir ki, uşaqları zorla yedirmək düzgün deyil. Bu daha sonrakı yaşlarda daha böyük problemlərə səbəb ola bilər. Məsələn, valideynlər uşaqları televizor izlədərək, yaxud da telefonda video açaraq yedirmə üsullarından istifadə edirlər. Normalda uşaq gündə 3 dəfə, bəzən isə 4 dəfə (uşaq özü yemək istəsə) yemək yesə, daha sağlam olar. Ac olmasa belə, valideynlərlə bir süfrədə oturmağı vərdiş etməlidir. Bu vərdiş uşaqda süfrə mədəniyyətini də formalaşdırmış olar.
Doyduqdan sonra uşaqlara əlavə nəsə yedirmək doğru deyil. İştahası olmayan uşaqlarla bağlı isə həkimin başqa məsləhəti var.
T.Atayev deyir ki, fiziki aktivlik, yəni uşağın yorulması, hərəkəti nə qədər çox olsa, o qədər acacaq. Evdə devamlı oturan, televizor və yaxud da telefonda video izləyən, yəni hərəkətləri az olan bir körpənin əlbəttə ki, acma hissi daha az olacaq. Yeməyi daha çox rədd edəcək. Buna görə də uşaqları fiziki olaraq aktiv böyütmək lazımdır. Hər uşağın yaşına uyğun olaraq yedirtmək və hərəkət vərdişi yaratmaq vacibdir.
Odur ki, övladınızın sağlam böyüməsini istəyirsinizsə, tez-tez yedirməkdən imtina edib, özü istədiyi qədər yeməsinə üstünlük verin!