Sudanda aprel ayından bəri davam edən münaqişə nəticəsində 12 mindən çox insan həlak olub, 33 minədək insan isə yaralanıb.
Bugun.tv xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudandakı nümayəndəsi Məhəmməd Tofiq Maşal Cenevrədə keçirilən brifinqdə deyib.
“Səhiyyə Nazirliyinin məlumatına görə, aprel ayından bəri ən azı 12 min 260 nəfər həlak olub, 33 mindən çox insan isə yaralanıb. Ölənlərin çoxu sağlamlıq sahəsində problemlər, həmçinin təcili cərrahi yardımın və dərmanların olmaması səbəbindən həyatını itirib”, – deyə Məhəmməd Tofiq Maşal bildirib.
Onun sözlərinə görə, Sudanda təxminən səkkiz aydır davam edən və Xartumdan bir neçə ştata yayılan münaqişə bütün sudanlılara, o cümlədən onların sağlamlığına təsir edib və ölkəni humanitar böhrana sürükləyib. Sudan dünyanın ən böyük köçkün böhranı ilə üzləşib və 6,8 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
ÜST-nin nümayəndəsi Sudanda yoluxucu xəstəliklərin yayılmasına da diqqət çəkib. Belə ki, ölkədə vəbaya 5,4 mindən çox yoluxma halı və 170 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 4 min 500 nəfər qızılcaya yoluxub, bu xəstəlik 104 nəfərin ölümünə səbəb olub. Həmçinin denge qızdırmasına yoluxan 6 min nəfərdən 56-sı ölüb.
ÜST yüksək zorakılığın və əsas xidmətlərə çıxışın olmadığı Darfurdakı vəziyyətdən xüsusilə narahatdır.
Qeyd edək ki, aprel ayında Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini – çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır. Aprelin 15-də tərəflər arasında silahlı münaqişə başlayıb.