“Dünən həmkarım Fazil Mustafaya edilən sui-qəsdi ölkəmizə, dövlətimizə qarşı terror aktı kimi qiymətləndirirəm. Və düşünürəm ki, bunun arxasında duran qüvvələr, icraçılar təsadüfən həmin günü seçməyiblər. Şükürlər olsun ki, həmkarımız sağdır və bir müddət müalicə aldıqdan sonra evinə, işinin başına qayıdacaq. Mən dəyərli həmkarıma Allahdan şəfalar diləyirəm”.
Bu fikri Bugun.tv-yə özəl müsahibəsində Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
“Biz bilirik ki, dövlətimizi gözü götürməyən qüvvələr, dövlətlər, təşkilatlar var. Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması, dövlətimizin yeni geosiyasi və qlobal anlamda öz sözünü deməsi, digər qara qüvvələrdə ölkəmizə qarşı aqressiya yaratdı. Bu, Azərbaycanın müstəqil siyasətidir, milli maraqları ilə irəliləməsidir”,- V. İskəndərov qeyd edib.
“Təbii ki, bizə, ölkəmizə qarşı törədilən terror aktı heç bir parlamentin deputatını, dövlət siyasətçilərini, digər sahənin mənsublarını bu yoldan çəkindirə biıməz. Əksinə, biz daha qətiyyətli olaraq ölkəmizlə, millətimizlə, gələcəyimizlə bağlı məsələlərdə uzanan xain əllərə qarşı kəskin mövqeyimizdə olacağıq, bu siyasətimizi davam etdirəcəyik”,- deputat vurğulayıb.