Fizika üzrə ixtisaslaşmış alimlər vaxtı ölçmək üçün yeni üsul tapdıqlarını bildiriblər. Fiziklər elektronların əmələ gətirdiyi dalğayabənzər strukturları təhlil edərək, zamanın izlərini daşıyan “barmaq izləri” əldə ediblər.
İsveçin Uppsala Universitetinin alimləri vaxtı ölçmək üçün çox dəqiq bir üsul kəşf edə biləcəklərini açıqlayıblar. 2022-ci ildə aparılan araşdırma, kvant fizikasının sərhədlərində olan ‘Rydberg’ atomları üzərində inkişaf etdirilən yeni bir texnika ilə zamanın ‘başlanğıc nöqtəsi’ ehtiyacı olmadan ölçülə biləcəyini ortaya qoyub.
‘Rydberg’ atomları lazerlə yüksək enerji səviyyələrinə qədər həyəcanlanan və nəhəng olan atomlardır. Bu atomların içindəki elektronlar adi davranışdan uzaq, tamamilə kvant dünyasının təsadüfiliyi ilə hərəkət edirlər. Fiziklər bu elektronların əmələ gətirdiyi dalğayabənzər strukturları təhlil edərək zamanın izlərini daşıyan “barmaq izləri” əldə etdilər.
Tədqiqatda istifadə edilən “nasos-zond” texnikası ilə atom lazer nəbzi ilə həyəcanlanır və zamanla bu həyəcanlı vəziyyətin dəyişməsi ikinci lazer nəbzi ilə izlənilir. Nəticədə yaranan dalğa nümunələri vaxtı ölçmək üçün istifadə edilə bilən sabit nümunələri təmin edir. Tədqiqata rəhbərlik edən fizik Marta Berholts izah etdi: “Əgər siz sayğacdan istifadə edirsinizsə, əvvəlcə başlanğıc nöqtəsini müəyyənləşdirməlisiniz. Bu texnika ilə siz sadəcə dalğa modelinə baxıb “Yaxşı, 4 nanosaniyə keçdi” deyə bilərsiniz”.
Tədqiqatçılar gələcəkdə heliumdan başqa müxtəlif atomlardan istifadə etməklə və ya lazer impulslarını dəyişdirərək bu üsulu daha da inkişaf etdirməyi planlaşdırdıqlarını bildirdilər.
Mənbə: HurriYet