Ötən il Venesiyada tətbiq edilən “giriş haqqı” təcrübəsi bu cümə günündən etibarən yenidən qüvvəyə minəcək. Bu ilki tətbiqin ən diqqət çəkən cəhəti son dəqiqə günü ziyarətçilərin ikiqat ödəniş ödəyəcəkləridir. Keçən il Venesiya məşğul dövrlərdə günübirlik səyahət edənlərin qarşısını almaq məqsədi daşıyan pilot sxemin bir hissəsi olaraq giriş haqqı alan dünyada ilk böyük turizm şəhəri olub.
Təcrübə ziyarətçilərin sayını azaltmaqda təsirli olmasa da, şəhər büdcəsinə gözlənilməz 2,4 milyon avro gəlir gətirib.
Səlahiyyətlilər hesab edirlər ki, bu təcrübə uzunmüddətli perspektivdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən dünya irsi siyahısına daxil edilmiş şəhərə həddindən artıq turizm təzyiqi ilə mübarizə aparmağa kömək edəcək.
Bu il 5 avro müəyyən edilən giriş haqqı şəhərə gəldikdən sonra üç gün ərzində alınarsa, 10 avroya qədər artırılacaq.
Təcrübə aprelin 18-dən iyulun 27-dək, əsasən həftə sonları olmaqla 54 gün ərzində keçərli olacaq. Bu, keçən ilki icradan təxminən iki dəfə çox gün deməkdir.
Ödəniş səhər saat 08.30-dan günorta 16.00-a qədər tətbiq olunacaq. Ziyarətçilər Venesiyanın əsas girişlərində yoxlama aparan məmurlara göstərmək üçün QR kodu alırlar.
Bu nöqtələr arasında Venezia Santa Lucia qatar stansiyası var.
Venesiyada gecələməni sifariş edən turistlər, Veneto bölgəsinin sakinləri və 14 yaşdan kiçik uşaqlar bu tələbdən azaddırlar.
Bununla belə, otel rezervasiyası olan ziyarətçilərin də sistem vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur.
2024-cü il Venesiya və ətrafına gələn turistlərin sayına görə rekord qıran il olacaq. Tarixi şəhər mərkəzində gecələyən turistlərin sayı 3,9 milyonu keçdiyi halda, hər il təxminən 30 milyon insan şəhəri yalnız bir gün ziyarət edir.
Yerli KİV-in məlumatına görə, indiyədək 35 mindən çox insan sistemə giriş haqqı ödəyərək qeydiyyatdan keçib.
Venesiya Turizm Məsləhətçisi Simone Venturini, giriş haqlarının tətbiqinin “möcüzəvi həll” olmadığını, lakin turist hərəkətliliyini təhlil etmək və idarə etmək üçün “konkret və yenilikçi bir vasitə” təklif etdiyini söyləyib.
“Bu, uzun bir səyahət olacaq, lakin indi şəhər təxminlərə deyil, konkret məlumatlara əsaslanaraq overturizm fenomenini təhlil edə biləcək. Məqsədimiz şəhərə hörmət edən və onun unikal ritminə uyğunlaşan yerləşdirmə ilə keyfiyyətli turizmi təşviq etməkdir”, – Venturini bildirib.
Keçən il turistlərin əksəriyyəti tədbiri alqışlasa da, Venesiya ictimaiyyəti buna qarşı çıxmaqda davam edir.
Şəhər sakinləri iddia edirlər ki, dayanıqlı turizm üçün əsl həll yolu qısamüddətli tətil icarələrini məhdudlaşdırmaq və il boyu əhali üçün xidmətləri yaxşılaşdırmaqdır. 2022-ci ildə Venesiyanın daimi əhalisi ilk dəfə olaraq 50.000-dən aşağı düşüb.
Müxalif şəhər şurasının üzvü Giovanni Andrea Martini giriş pulunun səmərəsiz olduğunu bildirib.
“Bu, heç bir fərq yaratmadı. Ziyarətçilərin sayı durmadan artır. Son bir neçə gündə tamamilə əzildik” Martini deyib.
Turistləri daha az tanınan məhəllələrə yönəltmək cəhdlərinin də tənqidlərə səbəb olduğunu qeyd edən Martini, “Ziyarətçi təzyiqini azaltmaq məqsədi daşıyan bu tədbirlər təbii olaraq bu bölgələrdə yaşayan insanların dincliyini pozur” deyib.
Mənbə: EnSonHaber