Alman avtomobil nəhəngi Volkswagen istehsal strategiyasında ciddi dəyişiklik planlaşdırır.
Şirkətin baş direktoru Oliver Blume bildirib ki, Almaniyanın Osnabrük şəhərində yerləşən zavodun hərbi istehsala uyğunlaşdırılması üzərində iş aparılır.
Açıqlamaya görə, müəssisənin İsrailin Iron Dome (“Dəmir Qübbə”) hava hücumundan müdafiə sistemi üçün komponentlər istehsal etməsi nəzərdə tutulur. Bu çərçivədə ağır yük maşınları və generator kimi logistik avadanlıqların istehsalı planlaşdırılır.
Blume vurğulayıb ki, Volkswagen birbaşa silah istehsalçısına çevrilmək niyyətində deyil. Şirkətin fəaliyyəti daha çox hərbi logistika və nəqliyyat sahəsinə yönələcək. Onun sözlərinə görə, bu addım zəif tələbat və Çin istehsalçılarının artan rəqabəti fonunda zavod üçün yeni perspektiv yarada bilər.
Məlumata görə, Volkswagen bu istiqamətdə İsrailin müdafiə şirkəti Rafael Advanced Defense Systems ilə mümkün əməkdaşlığı müzakirə edir. Layihə, Avropada müdafiə xərclərinin artdığı bir dövrdə şirkətin iqtisadi itkilərini azaltmaq və iş yerlərini qorumaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Bununla yanaşı, plan Almaniyada mübahisələrə səbəb olub. Bəzi siyasətçilər və hüquqşünaslar bu cür əməkdaşlığın ölkəni beynəlxalq hüquq baxımından risk altına sala biləcəyini bildirirlər. Xüsusilə, hərbi texnika istehsalının münaqişə zonalarında istifadə olunması ehtimalı ciddi tənqidlər doğurur.
Qeyd edək ki, hazırda təxminən 2300 işçinin çalışdığı Osnabrük zavodunda avtomobil istehsalı həyata keçirilir. Yeni plan reallaşarsa, bu müəssisə Almaniyada avtomobil sənayesindən müdafiə sənayesinə keçidin simvolik nümunələrindən biri ola bilər.
Mənbə: TrtHaber
