Baş xəbər

Vüqar Bayramov: Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayır

Bugun.tv-yə daxil olan məlumata görə, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə öz sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, Azərbaycan tarixində və cəmiyyətin inkişafında qadınların xüsusi rolu var. Onun sözlərinə görə, Azərbaycan qadınları bütün dövrlərdə Vətənin müdafiəsində, siyasi və dövlət quruculuğunda fəal iştirak ediblər. Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçib-seçilmək hüququnun verilməsi mühüm tarixi hadisə olub və bu, Şərqdə ilk dəfə Azərbaycanda baş verib.

Deputat bildirib ki, müasir dövrdə də Azərbaycan qadınları cəmiyyətin müxtəlif sahələrində aktiv fəaliyyət göstərirlər. O, xüsusilə Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qadınının nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq arenada daha da yüksəldiyini qeyd edib.

Vüqar Bayramovun sözlərinə görə, hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 min nəfərini qadınlar təşkil edir, kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 min nəfərə çatır.

Deputat bildirib ki, qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan 722 min 147 qadından 242 min 801 nəfəri məhz bu sahədə fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir. Qadınların üstünlük verdiyi ikinci böyük sektor səhiyyə və sosial xidmətlər sahəsidir. Bu istiqamətdə 116 min 976 qadın çalışır və ümumi payda 16,2 faiz təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb.

Vüqar Bayramov qeyd edib ki, qadınların orta aylıq əmək haqqısına görə ən yüksək göstərici mədənçıxarma sənayesində qeydə alınır və bu sahədə qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta sektorunda çalışan qadınların orta aylıq əmək haqqısı 1813 manat, informasiya və rabitə sektorunda isə 1353 manat təşkil edir. Təhsil sektorunda çalışan qadınların orta aylıq maaşı isə 731 manatdır.

Deputat əlavə edib ki, hazırda qadınların orta aylıq əmək haqqısı kişilərin orta əmək haqqısının 68,9 faizinə bərabərdir. Qlobal miqyasda isə bu göstərici 77–80 faiz civarındadır.

O bildirib ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə qadınların iqtisadi dəyər yaratmaq imkanlarının genişləndirilməsi gender siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Vüqar Bayramov sonda bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara cansağlığı, səadət və fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

“Ramazanın son günlərindən yararlanmağı unutmayaq”

Aynur Camal

Yerin səthindən istifadə qaydaları ilə bağlı plenar iclası keçirilib

Aynur Camal

Politoloq Aqil Məmmədov: İran PUA-sının Azərbaycan ərazisinə buraxılması ciddi insidentdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu