Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında İlham Əliyevin Gürcüstana dövlət səfərini və iki ölkə arasındakı iqtisadi əməkdaşlığı şərh edib.
Deputat qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin Gürcüstanın dövlət başçısı və baş naziri ilə görüşləri baş tutub və bu təmaslar strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
V.Bayramovun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasındakı iqtisadi əlaqələr son illər əhəmiyyətli dərəcədə genişlənib. Belə ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 9 faiz artaraq 881,4 milyon dollara çatıb. Bunun 712,7 milyon dolları Azərbaycanın ixracı, 168,7 milyon dolları isə idxalın payına düşüb. Bu isə Azərbaycanın 544 milyon dollar həcmində müsbət ticarət saldosuna malik olduğunu göstərir.
Deputat vurğulayıb ki, Orta Dəhliz layihəsinin cəlbediciliyinin artması hər iki ölkənin beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kimi əhəmiyyətini daha da yüksəldir.
Bununla yanaşı, tərəflər arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq da genişlənməkdədir. Qeyd olunub ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan strateji tərəfdaşlıq sazişi bu istiqamətdə yeni imkanlar açıb.
V.Bayramov bildirib ki, Azərbaycan və Gürcüstan Avropaya “yaşıl enerji” körpüsünün yaradılması istiqamətində fəal işləyir. 2027-ci ildən sonra istehsal olunacaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizinin ixracı planlaşdırılır.
Sonda deputat qeyd edib ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dərinləşməsi regionda dayanıqlı sülhün təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
