Deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarından sonra iki ölkə arasındakı iqtisadi əlaqələri şərh edib.
Bugun.tv xəbər verir ki, deputat sosial media hesabında paylaşdığı açıqlamada Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinin daha da dərinləşdirilməsinin hər zaman prioritet məsələlərdən biri olduğunu bildirib.
Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar təşkil edib. Türkiyə ilə qarşılıqlı ticarətdə Azərbaycanın müsbət saldosu 1 milyard 34 milyon dollar olub.
Deputat qeyd edib ki, hazırda əsas hədəf Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
O bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11,6 faizi Türkiyənin payına düşür. Bu göstərici ilə qardaş ölkə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.
Türkiyə Azərbaycanın ixracatında da ikinci yerdə qərarlaşır. Belə ki, ölkəmizin ümumi ixracının 13,5 faizi, qeyri-neft-qaz ixracının isə 16,5 faizi Türkiyənin payına düşür.
Vüqar Bayramov iqtisadi əməkdaşlığın yalnız ticarət əlaqələri ilə məhdudlaşmadığını, qarşılıqlı investisiyaların da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Deputatın diqqətə çatdırdığına görə, indiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yatırıb.
O, iki ölkə arasındakı münasibətlərin iqtisadi sahə ilə yanaşı, siyasi və beynəlxalq platformalarda da qarşılıqlı dəstək və ortaq mövqeyə əsaslandığını qeyd edib.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan və Türkiyəni ortaq tarix, etnik köklər, dil, ədəbiyyat və mənəvi dəyərlər birləşdirir. Dövlət başçılarının qarşılıqlı səfərləri də strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Deputatın fikrincə, Türkiyə Prezidentinin Azərbaycana növbəti səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq.
