Bugun.tv-yə daxil olan məlumata görə, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov öz sosial media hesabında Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarının əhəmiyyətinə dair fikirlərini bölüşüb.
Deputat bildirib ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclasının təşkili Azərbaycanın regional enerji təhlükəsizliyində artan rolunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi təkcə region üçün deyil, bütövlükdə Avropa üçün ən vacib enerji təşəbbüslərindən biridir və layihənin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub.
V.Bayramov qeyd edib ki, Avropada enerji idxalının daha da şaxələndirilməsinin prioritetləşməsi fonunda Məşvərət Şurasının illik görüşləri geniş coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir göstərir.
Artıq 16 ölkəyə təbii qaz nəql edən Azərbaycan Yunanıstan–Bolqarıstan interkonnektoru vasitəsilə daha çox ölkəyə enerji ixracını təmin edib.
Deputat xatırladıb ki, 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında qaz təchizatının iki dəfə artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Bu hədəfə çatmaq üçün “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” qaz yataqlarının işlənməsi və yeni sərmayələrin cəlbi prioritet olaraq qalır.
Onun sözlərinə görə, TAP kəmərinin ikinci mərhələsində Avropaya 20 milyard kubmetr qaz nəql ediləcək və ümumilikdə Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətini 32 milyard kubmetrə çatdırmaq imkanı var.
Vüqar Bayramov vurğulayıb ki, son 5 ildə Azərbaycan Avropaya 56 milyard kubmetrdən çox təbii qaz ixrac edib və hazırda Avropa İttifaqına qaz tədarük edən ilk beş ölkə sırasındadır. Azərbaycan qazı artıq Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olur.
Deputat əlavə edib ki, enerji əməkdaşlığı ölkənin valyuta gəlirlərinin artmasına da müsbət təsir göstərir. Bu il neft-qaz satışından xalis gəlirin 8,5 milyard manat olacağı proqnozlaşdırılır. İlin əvvəlinə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 22,5 faiz artaraq 73,5 milyard dollara çatıb, fondun investisiya portfeli üzrə ümumi gəlirlilik isə 6,2 faizə yüksəlib.
V.Bayramov bildirib ki, yeni mərhələdə Azərbaycan yaşıl enerjisini də Avropa bazarına çıxarmağı planlaşdırır. Gürcüstan ərazisi və Qara dənizin dibi ilə ötürülməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda bərpa olunan mənbələrdən istehsal edilən enerjinin 2027-ci ildən sonra Avropa İttifaqına ixracı mümkün ola bilər. Onun sözlərinə görə, bu, Azərbaycanın gələcəkdə yalnız ənənəvi enerji resursları ilə deyil, həm də innovativ və yaşıl enerji məhsulları ilə Avropa bazarında mövqeyini gücləndirəcəyini göstərir.
