Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin Davos şəhərində öz işinə başlayıb. Forum bu dəfə əsas diqqəti qlobal geosiyasi çağırışlara yönəldərək 2026-cı il üçün real və praktik təkliflərlə çıxış etməyi hədəfləyir.
Bu fikirləri iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.
Deputat qeyd edib ki, Davos İqtisadi Forumu dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media və vətəndaş cəmiyyəti liderlərini bir araya gətirən yeganə qlobal platformadır. Məhz bu səbəbdən Davos Forumu təsir dairəsi və əhatə baxımından dünyanın ən nüfuzlu beynəlxalq forumu hesab olunur.
Vüqar Bayramovun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan Davos İqtisadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Forumun da Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu açıq şəkildə görünür. Davos İqtisadi Forumu ölkəmiz üçün xüsusilə xarici sərmayələrin cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Forum çərçivəsində bir sıra aparıcı və nüfuzlu şirkət rəhbərləri ilə görüşlər keçirməsi və onları Azərbaycana investisiya yatırmağa dəvət etməsi bunun bariz nümunəsidir.
İqtisadçı deputat bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidenti regional nailiyyətlərlə yanaşı, qlobal geosiyasi məsələlərə də münasibət bildirib. Bu isə Davosda Azərbaycanın strateji xəttinin bir daha təsdiqi kimi qiymətləndirilməlidir.
Vüqar Bayramov vurğulayıb ki, yeni dövrün əsas hədəflərindən biri qeyri-neft sektoruna daha çox xarici sərmayənin cəlb edilməsidir. Bu baxımdan Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-neft sahələrinə investisiya axınının güclənməsi üçün mühüm platforma rolunu oynaya bilər.
Deputat xatırladıb ki, bir neçə il əvvəl Davos İqtisadi Forumunun Cənubi Qafqaz və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə məhz Azərbaycanda keçirilib. Eyni zamanda Forumun 4-cü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılması Davos İqtisadi Forumunun Azərbaycana verdiyi yüksək dəyərin və ölkəmizi etibarlı tərəfdaş kimi qəbul etdiyinin göstəricisidir.
