Baş xəbər

Vüqar Bayramov: “Dövlət auditi” informasiya sistemi şəffaflığı artıracaq

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Azərbaycan Prezidenti tərəfindən “Dövlət auditi” informasiya sisteminin yaradılması haqqında imzalanan Fərmanı şərh edib.

Deputat özünün Facebook səhifəsində paylaşdığı açıqlamada bildirib ki, Fərmana əsasən Azərbaycanda yeni elektron sistem – “Dövlət auditi” informasiya sistemi (DAİS) yaradılacaq. Onun sözlərinə görə, sistem rəqəmsal texnologiyalardan istifadə etməklə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini təmin edəcək.

Vüqar Bayramov qeyd edib ki, yeni sistemin yaradılmasında əsas məqsədlərdən biri elektron kənar audit imkanlarının genişləndirilməsi və dövlət vəsaitlərindən istifadədə şəffaflığın artırılmasıdır.

Deputatın sözlərinə görə, beynəlxalq qurumların, xüsusilə Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) əsas tövsiyələrindən biri informasiya texnologiyaları auditinin aparılmasıdır. O bildirib ki, Azərbaycanda bir sıra maliyyə məlumatlarının elektronlaşdırılmaması və müxtəlif sistemlərin tam inteqrasiya olunmaması Hesablama Palatasının bu audit növündən daha geniş istifadə etməsinə imkan vermirdi.

Vüqar Bayramov 2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilmiş 48 fəaliyyətin – 43 audit və 5 analitik fəaliyyətin – 78 faizində büdcə qanunvericiliyinin pozulması hallarının aşkarlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkarlandığı fəaliyyətlərin payı da 78 faiz olub.

Deputat həmçinin bildirib ki, keçirilmiş auditlərin 70 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilib. Onun fikrincə, bunun səbəblərindən biri inteqrasiya edilmiş elektron maliyyə sisteminin tam formalaşmamasıdır.

Bayramov qeyd edib ki, yeni sistem kənar maliyyə nəzarətini gücləndirməklə dövlət vəsaitlərindən istifadədə şəffaflığın artırılmasına imkan verəcək.

İqtisadçı deputat dövlət satınalmaları ilə bağlı başqa bir göstəriciyə də diqqət çəkib. Onun sözlərinə görə, Hesablama Palatasının rəyində Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərqin 20 faizdən çox olduğu qeyd edilir.

Vüqar Bayramov hesab edir ki, bu göstəricilər dövlət satınalmalarının inteqrasiya edilmiş şəkildə elektronlaşdırılmasını və süni intellekt imkanlarından istifadənin genişləndirilməsini daha da aktuallaşdırır.

Deputatın fikrincə, “Dövlət auditi” informasiya sisteminin formalaşdırılması dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması baxımından yeni mərhələnin başlanğıcıdır. O vurğulayıb ki, bu, daha şəffaf və hesabatlı dövlət maliyyə sisteminin yaradılmasına xidmət edə bilər.

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ İranla dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə bilər”

Aynur Camal

258 milyon manat Naxçıvanda hansı layihələrə xərclənəcək?

Aynur Camal

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu