Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında parlamentdəki çıxışı ilə bağlı paylaşım edib.
Deputat bildirib ki, Milli Məclisin növbəti iclasında tender və dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin artırılması məqsədilə bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, bu sahədə rəqəmsal həllərin və süni intellekt texnologiyalarının tətbiqi getdikcə daha prioritet istiqamətə çevrilir.
V.Bayramov qeyd edib ki, dövlət satınalmalarında süni intellektdən istifadənin genişləndirilməsi qərarların daha çevik və şəffaf qəbuluna imkan verə bilər. O vurğulayıb ki, bəzi hallarda, xüsusilə rəqabətli tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər müşahidə olunur.
Deputatın sözlərinə görə, Hesablama Palatası tərəfindən təqdim edilən hesabatda rəqabətli satınalmaların 43 faizindən çoxunda bu fərqin 20 faizdən artıq olduğu göstərilir. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir.
V.Bayramov əlavə edib ki, süni intellektin tətbiqi ehtimal olunan qiymətlərin daha dəqiq müəyyənləşdirilməsinə, subyektiv yanaşmaların azalmasına və kənar müdaxilələrin minimuma endirilməsinə şərait yarada bilər. Onun fikrincə, bir çox ölkələrdə bu texnologiyanın dövlət satınalmalarında geniş tətbiqi artıq müsbət nəticələr verir.
Deputat həmçinin Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə publik hüquqi şəxslərin də daxil edilməsini təklif etdiyini bildirib. O qeyd edib ki, 2026-cı il dövlət büdcəsinə əsasən bu qurumlara 895 milyon manatdan artıq vəsait ayrılması nəzərdə tutulur və bu istiqamətdə nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir.
V.Bayramov hesab edir ki, təklif olunan dəyişikliklər dövlət vəsaitlərinin daha şəffaf və effektiv idarə olunmasına töhfə verə bilər.
