Bugun.tv– xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi mühüm məqamlara diqqət çəkib.
Deputat öz sosial media hesabında bildirib ki, Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizdə bu sahədə həyata keçirilən layihələrlə yanaşı, qlobal su problemlərinə də toxunub. Qlobal iqlim dəyişiklikləri fonunda dünyada su təminatının ciddi çağırışa çevrildiyini vurğulayan dövlət başçısı su ehtiyatlarının məhdudluğu məsələsinə diqqət yönəldib.
Vüqar Bayramov qeyd edib ki, Yer kürəsinin səthinin 71 faizi su ilə örtülsə də, bunun cəmi 2,5 faizi içməli sudur və mövcud su ehtiyatlarının yalnız 0,3 faizinə insanların asan çıxışı var. BMT-nin məlumatlarına əsasən, hazırda dünyada 2,2 milyard insan fasiləsiz su təminatında çətinliklərlə üzləşir, 703 milyon insan isə suya ciddi şəkildə əlçatanlıq problemi yaşayır. Hər gün 5 yaşdan kiçik 1000-dən çox uşaq təmiz su, sanitariya və gigiyena çatışmazlığı ilə bağlı xəstəliklərdən həyatını itirir. Qida sənayesində su istifadəsinin artması səbəbindən isə 2030-cu ilədək qlobal su tələbinin 40 faiz artacağı proqnozlaşdırılır.
Deputatın sözlərinə görə, qlobal çətinliklər fonunda Azərbaycanda əhalinin təxminən 70 faizi fasiləsiz içməli su ilə təmin olunur. Bununla belə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əsas problemlərdən biri su itkiləridir. Hazırda ölkədə su itkilərinin səviyyəsi 45 faizə yaxındır.
Vüqar Bayramov diqqətə çatdırıb ki, inkişaf etmiş ölkələrdə su itkiləri xeyli aşağıdır. Məsələn, Niderlandda bu göstərici 4 faiz, Danimarkada 6 faiz, Yaponiyada 7 faiz, Avstraliya və Almaniyada 8 faiz, İsraildə isə 9 faiz təşkil edir. Ən yüksək su itkiləri isə Hindistan, Əlcəzair və Meksikada müşahidə olunur və 50 faizə çatır.
Deputat vurğulayıb ki, su itkilərinin azaldılması hesabına Azərbaycanda su təminatının ciddi şəkildə yaxşılaşdırılması mümkündür. Onun sözlərinə görə, müşavirədə qeyd edildiyi kimi, Dövlət Proqramının icrası nəticəsində su itkilərinin azalacağı gözlənilir ki, bu da ölkədə su təminatında mühüm irəliləyişə səbəb olacaq.
