21 C
Baku
15 Mart 2025, 14:53
Baş xəbərİdman

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib – Şotlandiyadan FOTOLAR

Aberdin Universitetində Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Aberdində yeni təsis edilmiş “BA Mədəniyyət Mərkəzinin” maliyyə dəstəyi ilə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Bugun.tv-yə daxil olan məlumata əsasən, dünya şahmat tarixinə iz qoymuş böyük Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş tədbir Aberdin Bridge Şahmat Klubunda baş tutub və müxtəlif millətlərdən və mədəniyyətlərdən olan şahmat həvəskarlarını bir araya gətirib.

Rəqabətli və maraqlı qarşılaşmaların yaşandığı turnirdə I yeri Şotlandiyada böyümüş azərbaycanlı Nihad Abdullazadə, II yeri azərbaycanlı tələbə Şahin Quliyev və III yeri Bridge Şahmat Klubunun üzvü Lukas Alvares qazanıblar. Turnirin sonunda qaliblərə pul mükafatı və iştirakçılara sertifikatlar təqdim edilib. Bu, Azərbaycanın şahmat ənənələrinin gənc nəsil arasında yaşadığını və beynəlxalq səviyyədə layiqincə təmsil olunduğunu bir daha sübut edir.

Turnirin təşkilində Azərbaycan Cəmiyyətinin üzvləri fəal iştirak ediblər. Xüsusilə, cəmiyyətin sədri İbrahim Xasıyev, katib Tamerlan Ağayev və sosial media meneceri Emiliya Gözəlova tədbirin uğurla həyata keçirilməsində böyük rol oynayıblar. Turnir, eyni zamanda, uzun illər Afrika ölkələrində yaşayan və hal- hazırda Azərbaycanın tanıdılmasında təbliğat və lobbiçilik fəaliyyətini Avropada davam edən Billurə Bernardın yeni təsis etdiyi mərkəzin maliyyə dəstəyi ilə təşkil olunmuşdur.

Azərbaycan Cəmiyyəti gələcəkdə də bu səpkidə tədbirlərin davam ediləcəyini, şahmatın universitet daxilində və geniş ictimaiyyətdə daha da tanınması üçün fəaliyyət göstərəcəyini bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq

Aynur Camal

“Zərərli vərdişlər və narkomaniya” mövzusunda tədbir keçirildi

Aynur Camal

Meşə yanğını nəzarət altına alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu