10 C
Baku
12 Dekabr 2024, 20:39
Baş xəbərSosial

Vüqar Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib

Bugun.tv xəbər verir ki, Nərimanov rayon məhkəməsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Vüqar Əliyevin quruma qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə olub. V.Əliyev çıxışında iddiasını müdafiə edib. O, bildirib ki, BQXK rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində günlərlə, aylarla iztirab və sarsıntı yaşayıb. “Bu səbəbdən də qurumun mənə vurduğu  mənəvi zərərə görə, 60 min manat ödəməsini tələb edirəm”.

Vüqar Əliyev bildirib ki, işlədiyi müddətdə əmək münasibətlərinə son verilməsi ilə bağlı ona qanunsuz olaraq xəbərdarlıq edilib. “Lakin mənim müraciətim əsasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin verdiyi hüquqi rəydə həmin xəbərdarlığın Əmək Məcəlləsinin müvafiq müddəalarına zidd olması təsdiqini tapdı. Sonra BQXK öz verdiyi rəsmi xəbərdarlığı geri götürmək məcburiyyətində qaldı. Bundan sonra mənə müqavilə müddətimin sonuna qədər qalan vaxt üçün əmək haqqımı bəri başdan ödəmək şərtilə qurumla bağladığım əmək müqaviləsinə qarşılıqlı anlaşma ilə son verməyi təklif etdilər. Mən isə bununla razılaşmadım və öz işimə davam etdim. Çünki məsələnin kökündə haqsızlıq var idi və bu da mənim üçün artıq prinsipial məsələyə çevrilmişdi. Bu haqsızlıqdan dolayı səhhətimdə ciddi problemlər yarandı və mən aylarla müalicə almaq məcburiyyətində qaldım. Səhhətimdəki problemlər səbəbindən müalicəm bu gün də davam edir. Əvvəllər heç olmasa tibbi sığortamdan istifadə edirdim, lakin bir illik sığorta haqqının öncədən iyun ayına qədər ödənilməsinə baxmayaraq, mart ayının 17-də, əmək müqaviləmin vaxtı bitən kimi BQXK tibbi sığortamı da ləğv etdi. Elə təkçə bu faktın özü bir daha bu təşkilatın rəhbərliyinin mənə qarşı nə dərəcədə qərəzli və kinli olduğunu sübut edir”.

Məlumat üçün onu da deyək ki, BQXK-nın yeddi əsas fəaliyyət prinsipi var. Onlardan ən birincisi humanizmdir. Eyni zamanda müharibə (konflikt) zonasının əhalisi bu beynəlxalq təşkilat üçün həssas əhali qrupu kateqoriyası hesab edilir. Nəhayət, azyaşlı övladları olan işçilərə həm Azərbaycan Respublikası Əmək Məcəlləsi, həm də bir çox təşkilatlar xüsusi imtiyazlar tanıyırlar.

“Xatırladım ki, mən Tərtərdə doğulub böyümüşəm, hazırda da orada yaşayıram. Birinci və İkinci Qarabağ Müharibəsinin canlı şahidi və zərərçəkmişi olmuşam. Bundan əlavə, üç övladım var və 2007, 2010, 2017-ci il doğumlu olmaqla hər üçü azyaşlıdır. İndi siz özünüz təsəvvür edin ki, mənə qarşı bütün bu haqsızlıqları fəaliyyət prinsipi humanizm olan bir təşkilat edir”,- Vüqar Əliyev bunu xüsusi vurğulayıb.

Xəbər verdiyimiz kimi, BQXK-nın yerli əməkdaşı Vüqar Əliyev qurumdan əmək münasibətləri prosesində ona vurduğu mənəvi zərərin ödənilməsini tələb edib. O, BQXK onun işgüzar nüfuzuna xələl gətirdiyini və məhz buna görə də, məhkəmə qarşısında cavab verməli olduğunu düşünür.

Mülki iddia Nərimanov rayon məhkəməsində qaldırılıb və növbəti iclas aprelin 18-də saat 15:00-a təyin edilib. Prosesin sədri hakim Aytən Novruzovadır.

Qeyd edək ki, son vaxtlar müxtəlif televiziyalarda və xəbər saytlarında, xüsusilə də, rəsmi dövlət televiziyası olan AZTV-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın əleyhinə olan fəaliyyətləri ardıcıl və ciddi şəkildə tənqid olunub.

Məsələ ilə bağlı BQXK-nın da mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Fransa Azərbaycandakı maraqlarını niyə açıq ermənipərəst mövqeyə qurban verir?

Aynur Camal

Su polisi balıqçılara müraciət etdi

Aynur Camal

“Əkiz çek” əməliyyatı oldu: 15 nəfər həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu