Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Bugun.tv-yə daxil olan məlumata əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev vəfat edib.
Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə aldığı İstanbul şəhərində dünyasını dəyişib.
1948-ci ildə Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, 1972-ci ildən etibarən Azərbaycanfilm kinostudiyasında fəaliyyətə başlayıb.
Aktyor “Ulduzlar sönmür”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Otel otağı” və digər filmlərdə yaratdığı yaddaqalan obrazlarla geniş tamaşaçı rəğbəti qazanıb. Eyni zamanda bir sıra filmlərdə səsləndirmə fəaliyyəti ilə də yadda qalıb.
Rasim Balayev uzun illər ictimai fəaliyyətlə də məşğul olub. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.
Sənətkarın Azərbaycan kinosunun inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, o, “Xalq artisti” fəxri adı ilə yanaşı “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.
Məlumata görə, mərhumun nəşi bu gün gecə Vətənə gətiriləcək. Vida mərasimi martın 30-da saat 12:00-dan 13:30-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Xalq artisti Birinci Fəxri Xiyabanda dəfn olunacaq.
Mənbə: Mədəniyyət Nazirliyi
