19 C
Baku
8 Sentyabr 2024, 3:55
Baş xəbər

“Xankəndinin Azərbaycan ərazisi olduğunu dediyimə görə, BQXK mənə qarşı həmişə qərəzli münasibət göstərib”

Nərimanov rayon məhkəməsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Vüqar Əliyevin quruma qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edir.
V.Əliyev məhkəmədəki çıxışında maraqlı məqama toxunub. BQXK ilə aralarındakı problemə aydınlıq gətirib. “Mən BQXK-ya bir neçə mərhələli seçim prosesi nəticəsində işə qəbul edilmişəm. Bura tərcümeyi-hal (CV) seçimləri, bir çox müxtəlif mövzular, ölkədəki və dünyadakı proseslər haqqında suallar, fərqli situasiyalarda davranış bacarığı, kompüter və texnoloji biliklərin yoxlanılması, yazılı imtahan, şifahi müsahibə, ingilis və rus dil biliklərinin həm yazılı tərcümə, həm də şifahi yoxlanılması prosesləri daxil idi. Bundan başqa əvvəllər işlədiyim təşkilatlardan BQXK-ın xüsusi sorğusu əsasında mənim haqqımda 3 müxtəlif xasiyyətnamə alınıb. Sonra isə BQXK ilə rəsmi əməkdaşlıq edən özəl klinikada tibbi müayinədən keçərək sağlamlıq haqqında arayış almışam. Yuxarıda sadaladıqlarım qaydasında olduğu üçün sonda BQXK ilə əmək müqaviləsi imzalamışıq. Sonra çalışdığım şöbənin xarici vətəndaş olan rəhbəri həm BQXK-nın müxtəlif vəzifəli şəxslərinə, həm də ki, partnyor təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rəhbərliyinə mənim haqqımda tərif dolu məktub yazıb, keçmiş təcrübəmi, əvvəllər işlədiyim beynəlxalq təşkilatları bir-bir sadalayaraq, BQXK-ya qoşulmağımı fəxrlə bildirmişdir. O zaman sual olunur, bəs nə baş verdi ki, rəhbərliyin mənə qarşı münasibəti gözlənilmədən mənfiyə doğru dəyişdi. Mən özüm də bu haqda xeyli düşünmüşəm və çox sonralar bəzi prosesləri görəndən sonra ağlıma ancaq bir ehtimal gəlib. Belə ki, işə yeni qəbul olan gün çalışdığım Bərdə ofisinin keçmiş rəhbəri, fransalı Sabrina Denunq mənə BQXK-nın Azərbaycandakı fəaliyyəti haqqında məlumatlandırma brifinqi edirdi. (Həmin görüşdə onun keçmiş azərbaycanlı köməkçisi də iştirak edirdi, yəni həmin yerli əməkdaş söhbətimizə şahid olmuşdur). Söhbət zamanı Sabrina Denunq bildirdi ki, BQXK-nın Bakıda nümayəndəliyi, Bərdədə alt nümayəndəliyi, Füzulidə və Tovuzda isə antenaları var. Antena dedikləri isə, iş, istirahət və gecələmək üçün hər bir şəraiti olan evlərdir. Həmin evlər o bölgələrə işgüzar səfərlər edən BQXK əməkdaşlarının istifadəsi üçündür. Söhbət zamanı mən əlavə etdim ki, Xankəndidə də BQXK-nın missiyası var, onu qeyd etməyi deyəsən unutdunuz. Missiya alt nümayəndəlikdən aşağı, antenadan isə yüksək statuslu təsisatdır. Fransalı rəhbər də bildirdi ki, “Stepanakertdəki missiya Azərbaycan nümayəndəliyinə tabe deyil”. Mən isə, qeyd etdim ki, əvvəla o şəhər Stepanakert yox, Xankəndidir. İkincisi isə, BQXK-nın öz internet saytında həmin o missiya Azərbaycan nümayəndəliyinin strukturunda göstərilib, adı isə, Xankəndi/Stepanakert kimi qeyd edilib. Sabrina Denunqun “O missiya Azərbaycandan idarə olunmur” replikasına cavab olaraq, bildirdim ki, həmin missiya Azərbaycanın bütün dünya tərədindən tanınmış sərhədləri daxilində yerləşir, lakin müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olduğu ərazidə yerləşdiyi üçün oranın idarəetməsi birbaşa Cenevrədəki BQXK-nın baş ofisindən həyata keçirilir. Yəni, orada çalışan əməkdaşların əmək müqavilələri İsveçrə əmək qanunvericiliyi ilə tənzimlənir. Oradakı BQXK maşınları İsveçrə nömrələri ilə qeydiyyatdadır və yerli əməkdaşlar da məvaciblərini İsveçrə frankı ilə alırlar. Oranın təminat (logistika) dəstəyi isə, hələ ki, müvəqqəti olaraq Ermənistandakı BQXK nümayəndəliyi tərəfindən həyata keçirilir”.
Vüqar Əliyevin sözlərinə görə, dediklərinin Bərdə ofisinin o zamankı fransalı rəhbərinin xoşuna gəlmədiyini hiss edib. “Hətta söhbətdən dərhal sonra həmin rəhbərin o vaxt köməkçisi olan, BQXK-da 20 ilə yaxındır çalışan və həmin iclasda iştirak edən yerli əməkdaş mənə dostcasına dedi ki, bunlar belə söhbətləri sevmirlər və çalışın bu mövzulara girməyin. Sonralar, üzərindən bir ildən çox vaxt keçəndən sonra Azərbaycan höküməti ilə BQXK arasında Xankəndidəki missiyanın idarəetməsi və təminat dəstəyi ətrafında fikir ayrılığı olduğu ictimailəşəndən, yəni artıq hər kəsə aydın olduqdan sonra keçmiş fransalı rəhbərlə həmin o söhbətimi xatırladım və düşündüm ki, mənə qarşı qərəzli münasibətin səbəbi bu ola bilər. Təbii ki, bu bir ehtimaldır, amma kifayət qədər də əsaslı hesab etdiyim versiyadır”,- Vüqar Əliyev əlavə edib.
Xəbər verdiyimiz kimi, BQXK-nın yerli əməkdaşı Vüqar Əliyev əmək münasibətləri prosesində ona vurduğu mənəvi zərərə görə BQXK-nın ona 60 min manat ödəməsini tələb edir. O, hesab edir ki, BQXK onun işgüzar nüfuzuna xələl gətirib və məhz buna görə də, məhkəmə qarşısında cavab verməlidir. Mülki iddia Nərimanov rayon məhkəməsində qaldırılıb və növbəti iclas aprelin 18-i, saat 15:00-a təyin edilib. Prosesə hakim Aytən Novruzova sədrlik edir.
Qeyd edək ki, son vaxtlar müxtəlif televiziyalarda və xəbər saytlarında, xüsusilə də, rəsmi dövlət televiziyası olan AZTV-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın əleyhinə olan fəaliyyətləri ardıcıl və ciddi şəkildə tənqid olunub.
Məsələ ilə bağlı BQXK-nın da mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu ölkədə 269 şəhəri su böhranından əziyyət çəkir

Bugün TV

“Ermənistan Azərbaycan ilə münaqişədə tək qalıb”

Aynur Camal

İstanbula güclü qar yağıb: 170 reys ləğv edilib – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu