Bu gündən etibarə fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
Bugun.tv xəbər verir ki, artıq xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsəniz, ölkə daxilində həmin cihazın IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz.
Texnobloger Fərid Pərdəşünasın sözlərinə görə, əvvəlki qaydaya, əsasən üzərinizdə gətirdiyiniz məhsulun dəyəri 800 dolları keçirdisə, bunu mütləq gömrüyə bəyan etməli idik. Lakin bu tənzimlənmirdi. “Hava məkanında olan gömrük əməkdaşları ölkəyə daxil olan hər bir sərnişinin üzərində axtarış aparmırdılar. Ona görə də sərnişinlər rahatlıqla bəzən öz üzərlərində bahalı smartfonları 1-2-3 ədəd ölkəyə keçirdə bilirdilər. Hətta bəzi satıcılar olurdu ki, külli miqdarda smartfonları ölkəyə keçirməyə çalışırdılar. Sırf bunların qarşısını almaq üçün imei kodun bəyan edilməsi məsələsi ortaya atıldıvə bugündən tətbiq olunur”.
Məsələyə münasibət bildirən Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov sözlərinə görə, narahatlığa əsas yoxdur. “Burada xüsusilə qeyd etmək istəyirəm ki, hər hansı bir qiymət və ya rüsum artımından və yaxud da ki, mobil cihazların qiymətinin yüksəlməsindən söhbət gedə bilməz. Sadəcə, indiyə qədər bəzi şəxslər tərəfindən mobil telefonlar gətirilərkən gömrük orqanlarına bəyan edilmirdi. Bu bizim qeydiyyat sistemimizdə problem yaradırdı və biz bunun statistikasını apara bilmirdik”.
Prosedur qaydalara gəlincə isə, bu bəyanetmələr sərhədlərdə quraşdırılan köşklərdə, yaxud da yazılı şəkildə gömrük orqanına təhvil verilməlidir. Bundan başqa vətəndaşlar smartcustoms application-dan istifadə etməklə öz bəyannamələrini təqdim edə bilərlər.
Onu da deyək ki, istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməlidır. Bununla da qaçaq yolla daha ucuz qiymətə gətirilib satılan smartfonların qarşısını almaq mümkün olacaq.