Gürcüstanın məşhur dağ-xizək kurortu Qudauridə dəm qazından zəhərlənmə baş verib. Xizək kurortunda yerləşən restoranın yataq otağına daxil olan polis 12 nəfərin cəsədini aşkar edib. Gürcüstanın ən böyük xizək kurortu olan Qudauridə 1-i Gürcüstan vətəndaşı olmaqla 12 nəfər ölüb.
Gürcüstan polisi qeyd edib ki, şənbə günü Qudauridə restoranın yuxarı mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb.
Polis ilkin məlumata görə, meyitlərin üzərində zorakılıq əlamətlərinin olmadığını və hadisənin bədbəxt hadisə kimi göründüyünü bildirib. Dəm qazından zəhərlənmə nəticəsində baş verdiyi ehtimal edilən hadisə ilə bağlı araşdırma başlansa da, meyitlərin şəxsiyyəti hələlik açıqlanmayıb.
Səlahiyyətlilər cümə günü binada elektrik enerjisinin kəsilməsindən sonra yanacaqla işləyən generatorun işə salındığını bildiriblər.
Gürcüstanın paytaxtı Tbilisidən 120 kilometr şimalda yerləşən Qudauri dəniz səviyyəsindən 2200 metr hündürlükdə ölkənin ən böyük xizək kurortu kimi tanınır.
Mənbə: HurriYet