Oğuzda narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb. Daha sonra yabanı halda bitən 3 tondan artıq çətənə kolu məhv edilib
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, keçirilən tədbir zamanı Oğuz rayon sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaman Mabudov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən qurudulmuş marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb. Araşdırma zamanı Z.Mabudovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirilib. Əməliyyat nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 308 kiloqram olan 4582 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.