Tokio prokurorluğu Yaponiya parlamentinin aşağı palatasının hakim Liberal Demokrat Partiyasından (LDP) olan üzvü Yositaka İkedanın həbsi barədə qərar çıxarıb.
Bugun.tv NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın sabiq baş naziri Sindzo Abenin fraksiyasına daxil olan Yositaka İkeda siyasi ianələrin toplanması barədə qanunu pozmaqda şübhəli bilinir. O, siyasi ianələrin toplanması üzrə hesabat qaydalarını pozaraq gəlir əldə etmək məqsədilə vəsaitin bir hissəsini geri qaytarmaq barədə qalmaqal səbəbindən həbs olunan ilk yüksək vəzifəli şəxsdir. Qalmaqal artıq Yaponiya hökumətində və LDP rəhbərliyində ciddi dəyişikliklərə, həmçinin hökumətin etimad reytinqinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub.
Eyni zamanda, qalmaqalla bağlı LDP-nin ən böyük fraksiyasının bir neçə üzvü də şübhə altında düşüb. Onların arasında hökumətin sabiq baş katibi Hirokadzu Matsuno, sabiq iqtisadiyyat, ticarət və sənaye naziri Yasutosi Nisimura, LDP siyasi şurasının sabiq rəhbəri Koiti Haqiuda və partiyanın yuxarı palatadakı fraksiyasının sabiq lideri Hirosiqe Seko da daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslər də var.
Qalmaqal, həmçinin Fumio Kişidanın rəhbərlik etdiyi hökumətin reytinqinin 30 faiz səviyyəsindən aşağı düşməsi ilə nəticələnib ki, bu da Yaponiyada təhlükəli hədd hesab olunur. Fumio Kişida bu səbəbdən LDP-də daha neytral mövqe tutmaq üçün partiyadaxili fraksiyanın rəhbəri postunu tərk etmək qərarına gəlib. Lakin o, partiyanın sədri olaraq qalacaq.