İsrail ordusunun Qəzzada humanitar yardım gözləyən dinc sakinlərə atəş açması nəticəsində ən azı 34 nəfərin həyatını itirdiyi açıqlanıb.
İsrail ordusu Yaxın Şərq torpaqlarında qan tökməkdə davam edir.
İranla yüksək gərginlikli münaqişələrini davam etdirən İsrail hökuməti illərdir Qəzzaya hücumlarını davam etdirir.
İllərdir uşaq, qoca, kişi və qadın olmaqla günahsız mülki insanları bombalayan İsrailin Qəzzaya hücumları bəşəriyyətin indiyədək gördüyü ən vəhşi soyqırıma çevrilib. İsrail ordusu Qəzza zolağının şimalındakı Şuheda qovşağında humanitar yardım gözləyən fələstinlilərə atəş açıb.
Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə, hücumda azı 34 mülki şəxs həyatını itirib.
Nusayrat Qaçqınlar Düşərgəsindəki Avde Xəstəxanası təkcə bu hücumda xəstəxanaya 23 cəsədin və onlarla yaralının gəldiyini bildirib.
Digər tərəfdən, Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah şəhərində bir evə təşkil edilən hava hücumunda 11 nəfər həyatını itirib.
Həyatını itirənlərin cənazələri Əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
Mayın 27-dən İsrail ABŞ-ın rəhbərlik etdiyi “Qəzzəyə Humanitar Yardım Fondu”nu aktivləşdirərək Birləşmiş Millətlər Təşkilatının (BMT) və beynəlxalq yardım təşkilatlarının nəzarətindən kənarda qondarma yardım paylayır. Lakin bu təşkilat BMT tərəfindən tanınmır və Fələstin qrupları tərəfindən rədd edilir. HƏMAS bu sistemi “ölüm tələləri” kimi təsvir edir.
İsrail martın 2-dən Qəzza zolağına daxil olan bütün quru sərhəd keçidlərini bağlı saxlayıb. Yardım daşıyan yüzlərlə yük maşınının keçməsi qarşısı alınır, Kerem Əbu Səlim Sərhəd Qapısından isə yalnız məhdud sayda avtomobilin keçməsinə icazə verilir.
Bununla belə, Qəzzaya hər gün ən azı 500 yardım maşını lazımdır.
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən hücumlarını davam etdirdiyi Qəzzada intensiv bombardmanlar, aclıq, məcburi köçkünlük və infrastrukturun dağıdılması nəticəsində böyük humanitar fəlakət yaşanır.
Beynəlxalq ictimaiyyətin və Beynəlxalq Ədalət Məhkəməsinin atəşkəs çağırışlarına baxmayaraq, İsrailin hücumları səngimək bilmir.
Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Qeyd olunub ki, son 24 saat ərzində Qəzzada 69 ölü, 221 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da Qəzzada əldə edilmiş atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 5401 fələstinlinin həyatını itirdiyi, 18060 nəfərin isə yaralandığı bildirilib.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 55 min 706 nəfərə, yaralı sayının isə 130 min 101 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Mənbə: EnSonHaber