Paytaxtın Yasamal rayon Rahib Tağıyev küçəsinin sakinləri Bugun.tv-nin redaksiyasına müraciət ediblər. Onlar Asan Xidmətin arxasında yerləşən məhəllələrin vəziyyətindən şikayətçidirlər.
Belə ki, sözügedən ərazidə yerləşən küçələrin asfalt örtükləri tamamilə yararsız hala düşüb. İllərdir ki, baxımsızlıqdan yollarda dərin çatlar, çuxurlar yaranıb. Bu isə həm sakinlərin, həm də avtomobil idarə edən sürücülərin haqlı narazılığına səbəb olur. “Dəfələrlə əlaqədar qurumlara müraciət etmişik. Baxan yoxdur”, “Yalandan deyirlər ki, düzəldəcəyik. İllər keçir, eyni vəziyyətdir”, “Bura “gecəqondu” məhəlləsi sayılır deyə, şikayətimizi eşitmirlər. “Gedin, özünüz düzəltdirin” deyirlər. Mən edəcəmsə, onda sən nəyə lazımsan?”, “Xahiş edirik ki, bizim şikayətimizi əlaqədar qurumlara çatdırasınız. Bunlardan bizə ümid yoxdur”, – sakinlər deyib.
Şikayətçilər onu da bildiriblər ki, asfalt örtüyü sıradan çıxdığı üçün kanalizasiya və su xətlərində də ciddi problemlər yaradıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, sözügedən ərazi agentliyin balansında deyil. “Görüntülərdən belə güman olunur ki, o ünvana yerli bələdiyyə orqanı baxır”. Bu fikirləri Yasamal Rayon İcra hakimiyyətindən də təsdiqlədilər. Bildirdilər ki, Rahib Tağıyev 22 ünvanda asfalt örtüyünün yenilənməsi məsələləri ilə bağlı yerli bələdiyyə məşğul olmalıdır.
Yasamal rayon Bələdiyyəsi ilə dəfələrlə əlaqə yaratmağa çalışdıq. Ancaq təəssüf ki, faksa qoşulu olan 012432 5224 saylı nömrələrinə cavab verəcək bir şəxs tapılmadı.
Mövzuya yenidən qayıdacağıq.
Müəllif: Qaytən Qasımzadə
Kərim İbrahimov