Hər il olduğu kimi bu Tədris ilində də Azərbaycanın bir çox yerlərində xeyriyyəçilik fəaliyyətləri həyata keçirilib.
Bugun.tv xəbər verir ki, onlardan birini də Tərtər rayonunun sakini, ictimai xadim Vüqar Sabiroğlu Əliyev təşkil edib. Və cəmiyyətimizdə bu cür xeyriyyəçilik tədbirləri davam etsin deyə sosial media hesabında paylaşım etdiyini bildirib:
“Yeni dərs ili münasibətilə növbəti dəfə Tərtər rayonunda bəzi imkansız ailələrin uşaqları üçün gücümüz yetən qədər məktəb ləvazimatları yardımı etdik!
O ailələri seçərkən, biz məktəbli uşaqları olan kasıb valideynlərə, xüsusilə də övladlarını təkbaşına böyüdən analara üstünlük verdik! İnşallah, əgər əlavə vəsait cəlb edə bilsək növbəti günlərdə də bəzi ehtiyacı olan ailələri, xüsusilə də məktəbli uşaqları sevindirməyə çalışacağıq! Allah bu cür nəcib işlərə dəstək verən hər kəsdən razı olsun!
2020-ci ilin sentyabr ayından bu yana, ildə ən az 5 təqvimdə, yəni ölkəmizdəki əhalinin əksəriyyətinin qeyd elədikləri Yeni İl, Novruz, Ramazan və Qurban bayramlarında, həmçinin də yeni dərs ili ərəfəsində çox imkansız ailələri sevindirməyə çalışırıq. Ailələr arasında seçim edərkən azyaşlı uşaqları olan imkansız valideynlərə, övladlarını tək böyüdən analara, tənha qocalara, ağır xəstələrə, bir sözlə ən həssas və köməksiz vəziyyətdə olan insanlara yardım edirik! Eləcə də, bəzi çox acınacaqlı durumda olan ailələr üçün imkan daxilində davamlı dəstək fəaliyyətləri də göstərməyə çalışırıq!
Hər dəfə bu gözəl işləri Azərbaycanın xeyirxah insanlarının köməkliyi ilə edirik!
Onlar həm ölkədə, həm də ki, xaricdə yaşayırlar! Aralarında doğmalarım, gənclik dostlarım, keçmiş və hazırki iş yoldaşlarım, sonradan qazandığım dostlar və qonşular var! Elə insanlar da var ki, real həyatda heç vaxt onlarla görüşməmişik və bir-birimizi ancaq sosial şəbəkə vasitəsi ilə tanımışıq! Hətta adlarını bilmədiklərim, anonim qalmaq istəyən xeyirxah insanlar da var! Onlara nə qədər təşəkkür etsək azdır, çünki hər dəfəsində bizə bu humanitar fəaliyyəti göstərməkdə dəstək olublar!
Bunları reklam üçün yox, təşviq olsun deyə yazıram! Ümid edirəm ki, hər kəs niyyətimizi doğru anlayır!”.
