Yeni ilin gəlişinə daha çox uşaqlar sevinir. Çünki onlar yeni ilə hədiyyə bayramı kimi baxırlar. Valideynlər isə övladlarını sevindirmək üçün balacalara içində şirniyyat, oyuncaq qoyulan hədiyyə qablaşdırmaları alırlar. Bəs sözügedən al-əlvan paketlərdə olan qidalar nə qədər keyfiyyətlidir? Valideynlər belə hədiyyələr alarkən nələrə diqqət etməlidirlər?
Hər yeni il öncəsi içərisi şirniyyat və oyuncaqlardan ibarət olan bayram hədiyyələrinə demək olar bütün marketlərdə rast gəlirik. Lakin şənliklərin sevimli hədiyyəsinə çevrilən bəzəkli qutuların içi bəzi hallarda keyfiyyətsiz qidalarla doldurulur. Mütəxəssislər bildirir ki, bu hədiyyə paketlərini alarkən valideynlər çox diqqətli olmalıdırlar.
Mövzu ilə bağlı AQTİ-nin mütəxəssisi Elcan Əhmədov Bugun.tv-yə danışdı.
“Valideynlərin aldıqları hədiyyə qutularnın içində şokoladlar daha çox üstünlük təşkil edir.Qutunun üzərində olan son istifadı tarixinə diqqət yetirilməlidir.Həmçinin də qutuların içərisində olan qənnadi məmulatları haqqında məlumatla tanış olub,onların keyfiyyətindən tam əmin olmalıdırlar. Qutunun üzərindəki son istifadə tarixi ilə içindəki qənnadi məmulatlarının son istifadə tarixləri üst-üstə düşməlidir”.
Pediatr Qoşqar İsmayılov deyir ki, uşaqların həddindən artıq şirniyyat qəbul etməsi onların metobolizmasının zəifləməsinə,şəkərli diabetə, piylənməyə, gətirib çıxara bilər. Ac qarına qəbul edilən şirniyyatlar isə mədə-bağırsaq xəstəliklərin yaranmasının təməli ola bilər.
Pediatr onu da bildirdi ki, bəzən valideynlər uşaqlar ağlamasın deyə, sakitləşdirmək üçün ac qarına şirniyyat verir. Uşaqlara şirniyyat verərkən texniki qaydalara, keyfiyyətə, miqdarına fikir vermək lazımdır. Hər gün şirniyyat yemək olar, amma müxtəlif növ şirniyyatlar.Hər gün eyni növ şirniyyat yem ək ziyandır. Şəkər miqdarı maksimum dərəcədə az olmalıdır.Mənim məsləhətim oldur ki, uşaqlara hədiyyəlik qutular alanda içərisində olan şirniyyatları valideynlər özləri seçsinlər. Keyfiyyətli məhsullarla qutunu doldursunlar.
Nəzərə almaq lazımdır ki, qutuların üzərində qeyd olunan tarix qablaşdırma tarixidir. Yəni içindəki məhsula heç bir aidiyyəti yoxdur. Vətəndaşlar hədiyyə paketlərində son istifadə müddətinin bitməsi və ya olmaması, qidanın keyfiyyəti ilə bağlı şübhəli məqamla qarşılaşarsa, Azərbaycan Qida Təhlükəsizlik İnstitutunun 1003 qaytar xəttinə öz şikayətlərini bildirə bilərlər.