Səsvermənin ikinci turunda yenidən qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək.
Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə liderinin inzibati ofisindəki mənbə TASS -a bildirib.
Ərdoğan 2017-ci ildə parlament idarəetmə sistemindən prezident üsul-idarəsinə keçdikdən sonra ikinci dəfə hakimiyyətə gələcək.
İnaqurasiya tədbirinin Bakı vaxtı ilə saat 16:00-da başlaması planlaşdırılır. Seçilmiş prezident kürsüdən andın mətnini oxuduqdan sonra əsas rəsmiləşdirmələr başa çatacaq.
Tədbirdə xarici dövlət və hökumət başçılarının, nazirlərin və digər nümayəndələrin iştirakı gözlənilir. “Cənab Prezident Ərdoğanın andiçmə mərasimində müxtəlif ölkələrdən 20 dövlət başçısı və 45 nazirin iştirak edəcəyini gözləyirik. Azərbaycan Prezidenti İlham Əliyev və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı gözlənilir. NATO-nun baş katibi Yens Stoltenberq də mərasimdə iştirak etmək üçün Türkiyəyə gələcək”, – mənbə söyləyib.
Rusiyanı mərasimdə Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək. Bu barədə Dövlət Dumasının mətbuat xidməti bildirib. Qeyd olunub ki, Volodin Rusiya prezidenti Vladimir Putinin adından andiçmə mərasimində iştirak edəcək.
Qeyd edək ki, iyunun 1-də Türkiyənin Mərkəzi Seçki Komitəsi mayın 28-də keçirilən seçkilərin ikinci turunun yekun nəticələrini açıqlayıb. Bildirilib ki, 52,18 faiz səslə Ərdoğan, 47,82 faiz səs toplayan rəqibi müxalifət lideri Kamal Kılıçdaroğlunu üstələyərək, yenidən prezident seçilib.