Bugun.tv -yə daxil olan məlumata görə, Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin plenar iclasında “Yerin təkindən istifadə haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bir sıra təkliflər səsləndirib.
Deputat çıxışında bildirib ki, qanun layihəsində yerin təkindən istifadə növləri ilə bağlı maddəyə əlavə olaraq digər infrastruktur layihələrinin icrası ilə əlaqədar çıxarılan süxurların istifadəsi məsələsi də daxil edilə bilər. Onun sözlərinə görə, bu dəyişiklik gələcəkdə qanuna yenidən baxılması zərurətini azalda və layihələrin daha geniş tətbiqinə imkan yarada bilər.
Vüqar Bayramov qeyd edib ki, qanun layihəsində yerin təkindən istifadənin birbaşa verilməsi qaydaları ilə bağlı maddədə dəqiqləşdirməyə ehtiyac var. Deputatın fikrincə, həmin qaydalar yalnız müəyyən olunmamalı, həm də rəsmi şəkildə təsdiq edilməlidir. Bu isə şəffaflığın artırılmasına və gələcəkdə qaydaların yenidən müzakirəsinə ehtiyacın azalmasına kömək edə bilər.
Deputat çıxışında rekultivasiya planları ilə bağlı da təklif irəli sürüb.
O bildirib ki, hazırkı layihəyə əsasən belə planlar yerin təkindən istifadə hüququ əldə edildikdən 3 ay sonra təqdim edilməlidir. Lakin beynəlxalq praktikada bu planlar işlər başlamazdan əvvəl təqdim olunur. Bayramov hesab edir ki, Azərbaycanda da həmin planların fəaliyyətə başlamadan əvvəl hazırlanması və təqdim edilməsi daha məqsədəuyğundur.
Deputat həmçinin qeyd edib ki, inkişaf etmiş ölkələrdə və Türkiyədə bu cür planlarda layihə məlumatları, torpaq işləri, torpağın üst qatının idarə olunması, bitki örtüyünün bərpası strategiyası, suyun idarə olunması, ətraf mühitin mühafizəsi və canlı təbiətin qorunması kimi elementlər ətraflı şəkildə göstərilir.
Sonda Vüqar Bayramov təqdim olunan qanun layihəsini ümumilikdə dəstəklədiyini və irəli sürdüyü təkliflərin qanunun daha səmərəli tətbiqinə xidmət edəcəyini vurğulayıb.
