Bugun.tv-yə DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Tovuz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.
Bildirilib ki, keçirilən əməliyyatlarda məqsəd yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsidir.
Tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Bundan başqa “VAZ 2106” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakini Zaur Nəsibov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən Z. Nəsibov narkotik vasitədən istifadə etdiyi məlum olub. Sürücü barəsində protokol tərtib olunaraq baxılması Tovuz Rayon Məhkəməsinə göndərilib.