9 C
Baku
23 Dekabr 2024, 3:49
Mədəniyyət

Yola ver

Doğum evində ana ağrı çəkir, tibb bacısı kredit dərdi çəkir, həkim isə siqaret çəkir. Xəstənin halı getdikcə pisləşir. Tibb bacısı həkimə xəbər verir ki, xəstə ağrı çəkir, ağrıkəsicimiz də yoxdur. Həkim halını pozmadan deyir:

– Ağrıkəsici yoxdur, əvəzedicisi var. Birtəhər yola ver, getsin.

Birtəhər dünyaya gələn uşaq, əmməyə süd tapmır. Həkimlər anaya məsləhət görürlər ki, “malış”la birtəhər yola ver getsin. Uşaq “malış”la böyüyür, baxçaya gedir. Baxça nə baxça! Uşaqlara yemək çatmır, müdürə aşpaza deyir:

– Xörəyin suyunu bol elə, birtəhər yola ver, getsin.

Uşaq baxçadan sonra üz tutur məktəbə. Məktəb nə məktəb! Müəllim dərs demir, uşaq da oxumur. Valideyn müəllimə “hörmət” edib deyir ki, qiymət yazın, birtəhər yola verin getsin.

Valideyn müəllimi yola verir, müəllim də uşağı. Bir-birlərini yola verə-verə məktəb illeri başa çatır. Məktəbdən sonra hərə öz tayını axtarır. Oğlan bir qıza aşiq olur, qız başqasına. Ağsaqqallar deyirlər:

– Belə şeyləri çox görmüşük. Allah xeyir versin. Ərə gedəndən sonra bir-birini yola verərlər.

Toy olur. Toy nə toy! Üç yüz nəfərin əvəzinə, dörd yüz nəfər qonaq dəvət olunur. Yer çatmır, yemək çatmır. Şadlıq sarayının müdürü hay-küy salır. Oğlanın atası şadlıq sarayının müdürünə deyir:

– Hay-küy salma. Qonaqları geri qaytarası deyiləm ki?! Birtəhər yola ver getsin.

Toyda yeyib-içən rejissora xəbər çatır ki, bu günkü tamaşada baş rolun ifaçısı sərxoşdur, ayaq üstə dura bilmir. Rejissor göstəriş verir ki, aktyorlardan biri onu əvəz etsin, tamaşanı təxirə sala bilmərəm, birtəhər yola verin getsin.

Rejissor toydan birbaşa gəlir çəkiliş meydançasına. Çəkiliş zamanı filmin qəhrəmanını atın əvəzinə uzunqulağa mindiyini görəndə qəzəblənir. Filmin direktoru onu sakitləşdirir.

– Pulumuz qurtarıb, at çox pul aparır, uzunqulaqla birtəhər yola verək getsin.

Elə birinci dublda uzunqulaq aktyoru necə yola verdisə, başı daşa dəyən zavallı aktyor dünyasını dəyişdi. Dəfn mərasiminə aktyorun dalınca danışan-danışmayan, fəxri adına, mükafatına qibtə edən-etməyən sənət dostları ilə birgə nazir də gəlmişdi. Nazirləri adətən televizorda görən molla çaşbaş qalmışdı. Hava çox soyuq olduğundan, nazir tez-tez ayağının birini qoyub, o birini götürürdü. Bunu görən mərhumun qohumlarından biri, mollanın qulağına pıçıldadı:

– Hava çox soyuqdur, şaxta əməkdara, xalq artistinə, hətta nazirə də baxmır, hamını bir ucdan kəsir. “Yasin”i qısa elə, birtəhər yola ver getsin.

Molla bir himə bənd imiş. “Yasin”i başlamağı ilə qurtarmağı bir oldu.

Başqa ölkələrdə bilmirəm, bizim məmləkətdə insan dünyaya göz açandan, ta gözünü yumanadək onu birtəhər yola verirlər. Amma mənim üçün bir məsələ qaranlıq qalır. Biz dünyanı yola veririk, yoxsa dünya bizi?!

Ehmed Orucoglu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Gecə gələrsən, gözləyəcəyəm

Aynur Əfəndi Zadə

Çingiz Aslanov bu gün dəfn olunacaq

Aynur Camal

“Hava muhalefeti” kinokomediyası “CinemaPlus”da!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu