Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bugun.tv xəbər verir ki, bu barədə YTP-dən məlumat verilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YTP-nin baş direktoru, Birinci Qarabağ müharibəsi iştirakçısı Vasif Abbasov qan yaddaşımıza əbədi həkk olunmuş faciənin tarixi barədə məlumat verib. O, yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu qanlı qırğına düzgün siyasi qiymət verildiyini vurğulayıb.
V.Abbasov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyduğunu deyib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda Xocalı faciəsinin dünyanın bir çox ölkələrində soyqırımı kimi tanındığını diqqətə çatdıran baş direktor bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasının əvəzsiz xidmətlərini də qeyd edib. O, Xocalı qurbanlarının qisasının İkinci Qarabağ müharibəsində alındığını, ordumuzun qüdrəti nəticəsində Xocalı rayonunun 9 kəndinin Ermənistanın işğalından azad olunduğunu bildirib: “Müzəffər Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində 44 günlük müharibədə Qarabağın işğaldan azad edilməsi Azərbaycanın dövlətçilik və hərb tarixində bənzərsiz hadisədir. Biz Qələbə əhval-ruhiyyəsində olsaq da, Xocalı faciəsini həmişə qeyd etməli, dünyaya erməni faşizminin əsl simasını tanıtmalıyıq”.
YTP-nin baş direktoru, həmçinin 1992-1993-cü illərdə Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə Suraxanı könüllülər batalyonunun iştirakçısı kimi şahidi olduğu hadisələrdən, erməni vəhşiliklərindən danışıb.
Daha sonra YTP-nin icraçı direktoru Zaur Nəhmətov çıxış edərək Xocalı soyqırımının hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi qırğınların davamı olduğu bildirib. Qeyd edib ki, Xocalıya hücum əməliyyatında erməni hərbi hissələri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdluların, 366-cı motoatıcı alayın da iştirak etməsi hadisənin siyasi həcminin böyüklüyünə dəlalət edir.
“Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim ehtiramla yad edir”, – deyə Z.Nəhmətov əlavə edib.
Tədbirdə digər çıxış edənlər dünya ölkələrinin millətimizə qarşı törədilmiş soyqırımı ilə bağlı daim məlumatlandırılmasının zəruriliyindən danışıblar. Bildirilib ki, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan Xocalı şəhidləri daim qəlblərdə yaşacaq və xatirələri əziz tutulacaq.