Egeydə seysmik aktivliyin artması səbəbindən çox sayda insanın tərk etdiyi Santorini adasında 30 kilometrlik qırılma xəttinin aktivləşdiyi bildirilib. Saloniki Aristotel Universitetindən zəlzələ üzrə mütəxəssis Gerasimos Papadopulos və Seysmologiya professoru Manolis Skordilis Yunan mətbuatına verdikləri açıqlamada bölgədəki seysmik aktivliyin tektonik mənşəli olduğunu və aktivləşmiş qırılma xəttinin 30 kilometr uzunluğunda olduğunu bildiriblər.
Papadopulos seysmik fəaliyyətin yanvarın 24-dən bəri davam etdiyini, lakin fevralın 1-i səhər saatlarından etibarən intensivləşdiyini, zəlzələlərin sayı və böyüklüyünün artdığını ifadə edərək, “Sistemimiz indiyə qədər 400-dən çox zəlzələni qeydə alıb və təhlil edib. Lakin biz daha kiçik miqyaslı zəlzələləri təhlil edə bilmirik” deyib.
Dənizin altında seysmik hərəkətlər meydana gəldiyi üçün geniş miqyaslı dağıdıcı təsir ehtimalının az olduğuna diqqət çəkən Papadopulos, “Zəlzələlər dənizin altındakı tektonik çuxurda baş verir. Zəlzələlər ciddi ziyana səbəb olmaq üçün çox daha böyük intensivliyə çatmalıdır” deyib.
Santorini vulkanının təsirlənmə ehtimalı ilə bağlı Papadopulos bildirib ki, hazırda bu cür fəaliyyətə səbəb olacaq heç bir geofiziki şərait yoxdur.
Seysmologiya professoru Skordilis də Santorini sahillərində seysmik aktivliyin narahatlıq doğurduğuna diqqət çəkib.
20 kilometrdən uzun olan qırılma xəttinin aktivləşdiyini bildirən Skordilis, eyni xəttin 1956-cı ildə 7,3 bal gücündə zəlzələ törətdiyini bildirib.
Daha böyük zəlzələ ehtimalı ilə bağlı Skordilis, “Bunu qətiliklə istisna etmək olmaz. Bu, mümkün bir ssenari deyil, ancaq deyə bilərəm ki, bu ehtimal tamamilə istisna edilə bilməz” deyib.
Mənbə: HaberGlobal