Qonşu Türkiyəyə kömək etmək üçün Yunanıstan yanğınsöndürmə xidmətinin xüsusi fəlakətlərin idarə olunması bölməsinin 21 üzvü, iki xilasedici it, bir xilasetmə maşını, 5 həkim və tibb işçisi, geoloqlar və mülki müdafiə ekspertlərindən ibarət heyət yola düşüb. Missiyanı hökumətin təbii fəlakətlərin idarə olunması təşkilatının rəhbəri də müşaiyət edir”-bu haqda Yunanıstan Mülki Müdafiə Agentliyi məlumat yayıb.
Məsələ ilə bağlı Bugun.tv-yə açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, təbii fəlakətlər insani dəyərləri önə çıxartmaq üçün həm də bir şansdır:
“Lakin təəssüflər olsun ki, bəzən ölkələr təbii fəlakətlərə, insan tələfatına çox faşist mövqe sərgiləyir. Türkiyədəki zəlzələdən sonra Fransa, İran kimi dövlətlər mövcud vəziyyətlə bağlı kədərlərini, acılarını praktiki formada dəstəklə bağlı göstərməyiblər. Nə Fransa, nə də İran mediasında Türkiyənin üzləşdiyi hadisə ilə bağlı təəssüf hissi bildirən hansısa materiala, açıqlamalara rast gəlmirik. Amma istənilən halda hesab edirəm ki, Yunanıstan örnək addım atıb. Daima Türkiyə əleyhinə ritorika və kampaniya həyata keçirən yunan mediasında Türkiyə ilə bağlı xəbərlərin yer alması, acını bölüşdüklərini ortaya qoyması Yunanıstanın Avropa dəyərlərinə, antik yunan fəlsəfəsinə və kültürünə söykənən, kifayət qədər təəccüblü və xoş təəssürat yaradan addımdır”.
Politoloqun sözlərinə görə, Türkiyə-Yunanıstan münasibətlərinin gərgin olmasının əsl səbəbkarı elə Yunanıstandır:
“Çünki NATO daxilində daim Yunanıstandan əsasən adalar mövzusunda Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışıblar. Lakin bu gün Yunanıstan ləyaqət göstərərək belə çətin situasiyada siyasəti kənara qoyub, qonşuluq, həmrəylik nümayiş etdirir. Bu yaxınlaşma tərəflər arasında gərginliyin azalmasına təkan ola bilər”.