14 C
Baku
22 Noyabr 2024, 1:15
Sosial

Zamin olduğunuz təqdirdə, hansı hallarla qarşılaşa bilərsiniz?-VƏKİLDƏN AÇIQLAMA

Hazırda insanların bir çoxunu narahat edən məsələlərdən biri də zaminlikdir. Qeyd edək ki, zaminlik qanunvericilikdə kreditin təminat üsullarından biridir. İnsanların bir çoxu kredit götürərkən zamin tapmaqda çətinlik çəkirlər. Bəs görəsən, bunun səbəbi nədir? Ümumiyyətlə, zamin durmaq üçün hansı şərtlər tələb olunur? Hər hansı tanışınız, yaxınınız yaxud dostunuz sizdən zamin durmağınızı istəyə bilər. Bəs, zamin olduğunuz təqdirdə, borcalan şəxs kreditora olan borcunu ödəyə bilməsə, sizi nələrin gözlədiyini bilirsinizmi?

Zamin borclunun kreditor qarşısında öhdəliyini üzərinə götürən şəxsdir. Zaminlik üzrə öhdəliyinin yaranması üçün tərəflər arasında yazılı formada müqavilə bağlanılır. Borclu öhdəliyi yerinə yetirməsə, yaxud borcu ödəməkdən yayınarsa, bu zaman bank zaminə qarşı tələb irəli sürür. Qeyd edək ki, müqavilə müddəti bitənə qədər zamin müqavilədən imtina edə bilməz, lakin zaminliyin ləğvi üçün məhkəməyə müraciət edə bilər. Mülki qanunvericilikdə zamin duran şəxsin məsuliyyəti iki formada tənzimlənir, subsidiar və birgə məsuliyyət.

Vəkil Rəşad Əliyev Bugun.tv-yə açıqlamasında bildirir ki, əgər zaminlik müqaviləsində birgə məsuliyyət nəzərdə tutulubsa, bu halda bank birbaşa zaminə öhdəlikləri yerinə yetirməsi üçün yönəltmə edə bilər. Əgər subsidiar məsuliyyət nəzərdə tutulubsa, bu halda öncə məhkəməyə müraciət edilməli və məhkəmə qərarından sonra, zaminin həmin öhdəliklərinin icrasının tələb olunması həyata keçirilir. Müqaviləni imzaladıqdan sonra zaminin artıq borclu ilə birgə öhdəlikləri yaranır. Zamin həmin borcunu tam və ya hissə-hissə ödəmədikdə, bank artıq zaminin öhdəlikləri ödəməsi üçün müvafiq addımlar ata bilər. Əgər borclu öz borcunu ödəyə bilməsə, həmin şəxsin müvafiq gəlirlərindən (maaş, pensiya) borcu çıxılır. Əks halda, borclunun öhdəlikləri zaminə yönəldilir. Bank bununla da bütün risklərini və itirilməsi ehtimal edilən pulun əldə olunması üçün özünü sığortalayır.

Vəkil bildirir ki, kredit müqaviləsinə zaminin xəbəri olmadan dəyişiklik edilərsə, (kredit müddəti uzadılarsa, yaxud faizlər artırılarsa) bu zaman müqaviləyə xitam verilməsi mümkündür. Zamin krediti ödədikdən sonra borcalanı məhkəməyə verərək ondan banka ödədiyi pulu tələb edə bilər.

Bəzən bank zaminə xəbərdarlıq etmədən onun əmək haqqı kartından kredit ödənişini silir. Bu zaminin rəsmi işlədiyi, yaxud əmək haqqı kartının həmin bankda olduğu halda baş verir. Zamin duran şəxslər bilməlidir ki, kreditorla bağlanan müqavilədə belə bir müddəa yoxdursa, bankın bu əməli qanunsuz hesab edilir və məhkəmə qaydasında iddia qaldıraraq məbləği geri tələb etmək mümkündür.

Nigar Məmmədova

Oxşar xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT sədrləri ilə görüş keçirildi

Aynur Camal

“Azərbaycan trans yağlardan müdafiə olunmayan ölkələr siyahısındadır”

Aynur Camal

Aynur Musayeva: “Uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu böyükdür”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu