Bugun.tv xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski prezident administrasiyasının rəhbər müavini İrina Mudranı vəzifəsindən azad edib. Qərar ölkədə yüksək vəzifəli şəxslərin də adlarının hallandığı korrupsiya araşdırmasının davam etdiyi bir vaxtda qəbul olunub.
Ukrayna prezidentinin saytında yayımlanan fərmanda Mudranın vəzifədən azad edildiyi təsdiqlənsə də, qərarın konkret səbəbi açıqlanmayıb. Bununla belə, onun vəzifədən uzaqlaşdırılması ölkənin korrupsiyaya qarşı mübarizə qurumlarının həmin gün keçirdiyi genişmiqyaslı araşdırma ilə eyni vaxta təsadüf edib.
Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusi Korrupsiyaya Qarşı Prokurorluğun məlumatına görə, araşdırma çərçivəsində prezident administrasiyasının yüksək vəzifəli əməkdaşının da daxil olduğu qrup müəyyən edilib. Qrupun 150 milyon qrivna, yəni təxminən 3,35 milyon dollar məbləğində vəsaitin yuyulmasında şübhəli bilindiyi bildirilir.
The Guardian yazır ki, araşdırma daha geniş korrupsiya işi ilə əlaqəlidir və istintaq çərçivəsində Mudranın əmlakında da axtarış aparılıb. Bununla belə, Mudranın rəsmi olaraq həmin cinayət işi üzrə şübhəli şəxs elan edildiyi təsdiqlənməyib.
Araşdırmanın Ukraynanın enerji sektorunda korrupsiya işi ilə əlaqəli olduğu bildirilir. İstintaqın diqqətində yüksək vəzifəli şəxslərlə yanaşı, dövlət bankının rəhbər şəxsləri və digər məmurların da olduğu qeyd edilir.
Mudranın vəzifədən azad edilməsi Zelenskinin administrasiyası üçün siyasi təzyiqlərin artdığı bir vaxta təsadüf edir. Bundan əvvəl müdafiə naziri vəzifəsindən uzaqlaşdırılan Mixail Fedorov hökumətdə sistemli böhran və korrupsiya problemlərindən danışaraq müharibə şəraitində seçkilərin keçirilməsinə çağırış etmişdi.
Mənbə: The Guardian
