2023-cü ilin dekabr ayında Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan olunub və müstəqillik dövründə ilk dəfə ölkənin bütün ərazilərində səsvermə təşkil edilib.
Bugun.tv– xəbər verir ki, bu açıqlamanı iqtisadçı millət vəkili Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.
Sözügedən seçkilərin Azərbaycan tarixinə “zəfər seçkisi” kimi daxil olduğunu qeyd edən millət vəkili: “Prezident İlham Əliyevin 22 illik rəhbərliyi dövrü ölkə iqtisadiyyatında sürətli artım, inkluziv və balanslı inkişaf mərhələsi kimi xarakterizə olunur” deyə bildirib.
Həmçinin deputat paylaşımında vurğulayıb ki, son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Bu dövrdə icmal büdcə gəlirləri 15 dəfə, xərclər isə 18 dəfə artıb. Eyni zamanda dövlət büdcəsinin gəlirləri 30 dəfə yüksəlib. Strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə olunan nailiyyətlərin yeni mərhələdə iqtisadi islahatların dərinləşdirilməsi ilə daha da möhkəmləndiyi bildirilib.
Açıqlamada, həmçinin bu dövrün Azərbaycanın xarici siyasətində mühüm uğurlarla yadda qaldığı qeyd olunub. Azərbaycan Türk dünyası və Şərq ölkələri ilə əlaqələrini gücləndirməklə yanaşı, ABŞ da daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın dərinləşdirilməsini prioritet istiqamət kimi müəyyən edib. Çoxvektorlu xarici siyasətin ölkənin geosiyasi mövqeyini daha da gücləndirdiyi diqqətə çatdırılıb.
