Dünya

“Zəngəzur Dəhlizi Orta Dəhlizin əsas arteriyası olacaq”

Daşkənd sammitində Azərbaycana Mərkəzi Asiya Məşvərət Görüşlərində tamhüquqlu üzvlük də verildi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə fəxri qonaq kimi iştirak edib. O, çıxışında Orta Dəhliz layihəsinin inkişafının həm Azərbaycan, həm də Orta Asiya ölkələri üçün əhəmiyyətini vurğulayıb:

“Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yük həcmlərinin artırılması, iqtisadi dayanıqlığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Son üç ildə Orta Dəhliz boyunca Azərbaycandan keçən yük daşımaları 90 faiz artıb. Dəhliz boyunca səyahət müddəti əhəmiyyətli dərəcədə qısaldılıb”.

Əliyev Zəngəzur Dəhlizinin Azərbaycandakı hissəsinin tikintisinin başa çatmaq üzrə olduğunu açıqlayıb. O, bu xəttin Orta Dəhlizin əsas arteriyası olacağını vurğulayıb:

“Azərbaycanda Zəngəzur Dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin olaraq 15 milyon ton yük daşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyası olacaq. Zəngəzur Dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də başa çatmaq üzrədir”.

Əliyev xatırladıb ki, Ermənistanın işğalından azad edilmiş bölgələrdə genişmiqyaslı yenidənqurma və dirçəliş işləri aparılır. O, bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Daşkənddə keçirilən görüşdə Azərbaycana Mərkəzi Asiya Məsləhət Görüşlərinin tamhüquqlu üzvülük verilib.

Əliyev bildirib ki, bu qərar geniş bir regionda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcək. Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev də məsələ ilə bağlı şərh verib: “Biz həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkəsiyik”. O bildirib ki, “bu yeni format Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar yaradır”.

Görüşdə liderlər növbəti sammiti Türkmənistanda keçirmək qərarına gəliblər və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məsləhət Görüşünün yekun bəyannaməsini imzalayıblar. Daşkənddə keçirilən görüşlə sammitin adı və formatı da dəyişib. Gələn il görüş “Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formatda keçiriləcək.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu