Bugun.tv xəbər verir ki, əlilliyi olan şəxslərlə dövlət qurumlarının əksəriyyəti yaxından maraqlansa da bu kifayət etmir.
“Onlara hər tərəfli dəstək göstərilməlidir. Belə şəxslərin problemlərinin tez zamanda həll olunması dövlət qurumlarının həm vəzifə, həm də insanlıq borcudur”. Bu fikirlər “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı və BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilən 6 aylıq hesabatda səsləndirilib.
Əlilliyi olan şəxslərin dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi ilə bağlı layihə çərçivəsində yaradılan koordinasiya şurasının üzvləri gördükləri işlərlə bağlı məlumat veriblər. Müyəssərlik məsələsi ciddi müzakirə mövzusu olub.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva sözügedən problemlə bağlı təsisçisi olduğu “Bu gü” televiziyasına şikayətlər gəldiyini bildirib. Onun sözlərinə görə, pandus məsələsinin həlli ilə bağlı jurnalist Kəmalə Sultan xüsusi reportaj hazırlayıb.
“Qeyd edim ki, əməkdaşımız özü də əlilliyi olan şəxsdir və demək olar ki, hər gün pandus problemi ilə o da rastlaşır. Daxil olan müraciət əsasında şikayətlər çəkildi, araşdırmalar aparıldı. Təəssüf ki, nə Fövqəladə Hallar Nazirliyi, nə də Arxitektira və Şəhərsalma komitəsindən münasibət ala bildik. Baxmayaraq ki, tikinti işlərinin aparılması ilə bağlı qanun və qaydalara məsul olan məhz bu qurumlardır. Ancaq onlar konkret şəkildə müyəssərliklə bağlı problemin həllinə cavabdeh olmadıqlarını dedilər”, – E.Dərziyeva vurğulayıb.
DOST Agentliyinin layihədə təmsil olunan əməkdaşı Zəhra Həsənova da bu mövzuya münasibət bildirib. Onun sözlərinə görə, 4 ildir ki, çalışdığı xidmət daxilində komissiya yaradılıb. “Monitorinq komissiyamız əsas heyəti və yardımçı işçi qrupundan ibarətdir. Bizə də yeni tikilən obyetlər, yollar, parklar, binalarda pandus çatışmazlığı, ümumilikdə, əlilliyi olanların müyəssərlik poblemləri ilə bağlı tez-tez müraciətlər daxil olur. Komissiyanın yardımçı işçi qrupunda müxtəlif dövlət qurumlarından, o cümlədən, Fövqəladə Hallar Nazirliyi, Arxitektura və Şəhərsalma komitəsindən də nümayəndələr var. Biz bu il həmin qurumlara məktub göndərərək onların fəaliyyətinin daha da artırılması məqsədilə yeni əməkdaşlar cəlb etmişik. Bununla bağlı bizim görüşlərimiz olacaq. Qeyri-hökumət təşkilatları da o görüşdə iştirak edəcək. Agentlik olaraq, müyəssərlik məsələsinin həlli istiqamətində konkret addımlar atmağın lazım olduğunu əlaqədar qurumların diqqətinə çatdıracağıq”.
Z.Həsənova 2020-ci ildən fəaliyyətə başlayan monitorinq komissiyasının pandemiya və ölkəmizdə olan hərbi rejimlə bağlı tədbirlərin məhdud çərçivədə həyata keçirildiyini diqqətə çatdırıb.
“Belə ki, biz monitorinq tədbirlərini DOST mərkəzlərində, əlillik masasına yaxınlaşan vətəndaşlar arasında sorğu keçirməklə nəticələndiririk. 2021-ci ildə regionlara, Lənkəran, Şəki, Quba, Gəncə, Yevlax, Mingəçevir ərazilərində vizual monitorinq apardıq. Əməkdaşlarımız Bakıda və Abşeronda da könüllülərimizin köməyindən istifadə edərək bu tədbirləri həyata keçirdilər. Bu monitorinqlə nə etdik? Yaşayış yerlərində, ictimai-iaşə obyektlərində, təhsil, mədəniyyət və digər bu kimi yerlərdə müyəssərliyin nə dərəcədə uyğun olub-olmamasının vizual baxışını həyata keçirdik. Bu nəticələr 2021-ci ilin hesabatında da öz əksini tapdı. Ümumilikdə, 4 əsas hədəf qrupumuz var: Görmə, eşitmə, fiziki və əqli qabiliyyəti məhdud olan şəxslər. Hər il xüsusi hədəf qrupu olur. 2020-ci ildə əlilliyi olan uşaqlar, 2021-ci ildə Vətən Müharibəsi zamanı əlillik qazanmış şəxslər araşdırıldı. 2022-ci ildə biz mövcud vəziyyətlə bağlı hədəf qrupunu saxladıq. Bu il isə 50 yaşından yuxarı əlilliyi olan ahıllarla monitorinq apardıq”, – koordinasiya şurasının üzvü məlumat verib.
Sonra 6 aylıq hesabatda koordinasiya şurasının üzvləri təmsil olunduqları qurumun gördüyü işlər haqda geniş məruzə edib.
Müxbir: İntizar Əmirova, Operator: Salman Salmanov