26 C
Baku
19 Aprel 2024, 14:58
Baş xəbər

Əvvəlcə söz olub…Cavanşir Feyziyev

   Millət vəkili, Fəlsəfə doktoru Cavanşir Feyziyev Teleradio işçilərini peşə bayramı münasibəti ilə təbrik edib:

    “Əvvəlcə söz olub. Söz Onunla olub. Sonra söz O olub”. Sözə verilən bu böyük qiymət möcüzə dəyərindədir və biz hər gün bu möcüzənin şahidi oluruq.

96 il öncə Bakının küçə və meydanlarında quraşdırılmış səs gücləndiricilərdən o zəmanadək heç vaxt səslənməmiş 2 söz eşidildi. “Danışır Bakı”. Möcüzə kimi qarşılanan bu iki söz insanlarda həm maraq, həm də heyranlıq doğururdu. Bu sözləri eşidən hər kəs ayaq saxlayıb Bakının nə danışdığını, necə danışdığını və kimlər üçün danışdığını anlamağa çalışırdı. Sonra bu sehrli sözlər hər gün təkrarlanmağa başladı. Qulaqlar “Danışır Bakı” ifadəsinə o qədər heyran olmuşdu ki, artıq hər gün Bakının danışmağını səbirsizliklə gözləyirdilər. Beləcə düz 30 il Bakı danışmağa, insanları ölkəmizdə və dünyada baş verən hadisələrdən agah etməyə davam etdi. Bakı mədəniyyətimizin qədimliyini, incəsənətimizin gözəlliyini, təbiətimizin füsunkarlığını, musiqimizin ecazkarlığını, ədəbiyyatımızın milliliyini onu dinləyənlərin evinə gətirdi, təfəkkürünə hopdurdu. Ənənəvi yollarla bir ömürdə eşidilməsi və öyrənilməsi mümkün olmayan çox mətləblər danışıla-danışıla aydınlaşdı, öyrənildi, insanların həyatında, düşüncəsində və yaşamında böyük dəyişikliklər yaratdı. İnsanlar cəmi iki sözlə – “Danışır Bakı” sözləri ilə başlayan möhtəşəm yeni dövrə adladılar. Hər gün bu iki möcüzəli sözün ardınca artıq adiləşmiş qutulardan gələn doğma səsləri səbirsizliklə gözləyir və sevinclə dinləyirdilər. 30 il sonra artıq hamı tərəfindən sevilən bu iki sözə daha 2 söz əlavə olundu. “Göstərir Bakı”. Bu da bir möcüzə idi. Eşidilən səslər möcüzə kimi şəkillənib insanların evlərinə, ailələrinə ayaq açdı. İndi danışanları görmək, danışılanları isə eşitmək daha asan olmuşdu. Beləcə Azərbaycan radiosu və televiziyası doğuldu, böyüdü, yaşlandı və zənginləşdi.

Bu gün nə radio, nə də televiziya ilə heç kimi təəccübləndirmək mümkün deyil. Amma onlar əvvəlki sehrini və möcüzəsini qoruyub saxlamaqda, yenə də hər gün, hər gecə milyonlarla insanı öz qarşısıına toplayıb onları dinləməyə və baxmağa sövq etməyə davam edir. Hər sehrin bir sehrbazı, hər möcüzənin də bir möcüzü olmalıdır. 96 ildir ki, biz onları dinləyir və 66 ildir ki, biz onları görə bilirik. Kimdir onlar? Onlar doğrudan da sehr və möcüzə yaradanlardır. Aralarında tanıdıqlarımız və sevdiklərimiz də var, gözə görünməyənləri, heç vaxt üzlərini heç kimə göstərməyənləri , amma eyni dərəcədə sevilənləri də var. Onlar Azərbaycan Televizyası və Radiosunun fədakar işçiləridir. Tutduğu vəzifədən, gördüyü işlərdən asılı olmayaraq hamısının məqsədləri birdir – onları dinləyənləri və onlara baxanları öz möcüzələri ilə məmnun etmək.

Çoxsaylı radiolarımızn dinləyicisi və çoxsaylı telekanallarımızın tamaşaçısı kimi öz fədakar əməyi ilə bizə sevinc gətirən və bizi daim məmnun etməyə çalışan bütün tele-radio işçilərini onların peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, onlara davamlı yaradıcılıq uğurları və firavan həyat arzulayıram.

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru

Aynur Camal

Oxşar xəbərlər

Hökumət əleyhinə etirazlar və vətəndaş itaətsizliyi davam edir

Aynur Camal

İranda dayandırılmış uçuşlar bərpa edilib

Bugün TV

Hərbi tibb personalımız Vətənə qayıdıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu