Nestlé şirkətinə məxsus böyük həcmli şokoladlı vafli yükü oğurlanıb.
Məlumata görə, İtaliyadakı istehsal müəssisəsindən Polşaya göndərilən təxminən 12 ton ağırlığında, 414 min ədəd məhsul daşıyan yük maşını daşınma zamanı yoxa çıxıb. Şirkət bildirir ki, hadisə ötən həftə baş verib və həm nəqliyyat vasitəsi, həm də yük hələ də tapılmayıb.
Qeyd olunur ki, bu məhsulların Avropa bazarlarında satışa çıxarılması planlaşdırılırdı. Hadisədən sonra şirkət yerli hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlayıb.
Nestlé oğurlanan məhsulların qanunsuz satışının qarşısını almaq üçün xüsusi izləmə sistemi tətbiq etdiyini açıqlayıb. Belə ki, hər bir məhsulun üzərində yerləşən unikal partiya kodları vasitəsilə onların mənşəyi müəyyən edilə biləcək. Şirkət istehlakçılara və satıcılara şübhəli məhsullarla bağlı məlumat verməyə çağırış edib.
Mütəxəssislər bildirir ki, son illərdə logistik zəncirdə baş verən oğurluq halları daha da mürəkkəbləşib və bu cür hadisələr qlobal miqyasda artmaqdadır. Bu səbəbdən şirkətlər təhlükəsizlik tədbirlərini gücləndirməyə çalışır.
Mənbə: TrtHaber
