28.9 C
Baku
11 Avqust 2026, 19:34
Baş xəbər

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Şah İsmayıl Xətai haqqında öz sosial media hesabında paylaşım edib. Deputat tarixə və tarixi şəxsiyyətlərə münasibətdə obyektivliyin vacibliyini vurğulayıb.

Ceyhun Məmmədov bildirib ki, tarixə münasibətdə ən vacib prinsiplərdən biri obyektivlikdir. Onun sözlərinə görə, keçmiş haqqında danışarkən hadisələrə və tarixi şəxsiyyətlərə şəxsi maraqların, siyasi baxışların və emosional münasibətlərin təsiri ilə yanaşmaq düzgün deyil.

Deputat qeyd edib ki, tarixə şəxsi maraqların prizmasından baxıldıqda, bir müddət sonra faktlarla həmin faktlara verilən qiymət bir-birinə qarışır.

Ceyhun Məmmədov Şah İsmayıl Xətai kimi Azərbaycan və region tarixində mühüm yer tutan şəxsiyyət haqqında danışarkən bu məsələyə xüsusilə diqqətlə yanaşmağın vacib olduğunu bildirib. Onun sözlərinə görə, Şah İsmayılın fəaliyyəti ilə bağlı müxtəlif fikirlərin olması təbiidir.

“Tarixdə böyük iz qoymuş şəxsiyyətlər haqqında fərqli yanaşmalar həmişə olub və bundan sonra da olacaq. Əsas məsələ isə bu yanaşmaların nəyə söykənməsidir”, – deyə deputat qeyd edib.

Ceyhun Məmmədovun sözlərinə görə, Şah İsmayıl 1487-ci ildə Ərdəbildə anadan olub, 1501-ci ildə Təbrizdə hakimiyyətə gələrək Səfəvi dövlətinin əsasını qoyub. Gənc yaşında böyük siyasi hakimiyyət formalaşdırması və qısa müddətdə geniş ərazilərə nəzarət edən dövlət yaratması həmin dövr üçün ciddi siyasi hadisə olub.

Deputat bildirib ki, Səfəvilərin meydana çıxması Cənubi Qafqazdan Anadoluya, İran ərazisindən Yaxın Şərqə qədər uzanan geniş coğrafiyada siyasi münasibətlərə təsir göstərib.

Ceyhun Məmmədov vurğulayıb ki, Şah İsmayılın tarixdəki yeri yalnız dövlətçilik fəaliyyəti ilə ölçülmür. O, “Xətai” təxəllüsü ilə Azərbaycan türkcəsində əsərlər yazıb və Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyub. Bu baxımdan onun irsi həm siyasi tarix, həm də ədəbiyyat tarixi üçün əhəmiyyət daşıyır.

Deputat Şah İsmayılın yaşadığı dövrün mürəkkəb siyasi şəraitinə də diqqət çəkib. O bildirib ki, həmin dövrdə regionda hakimiyyət uğrunda ciddi mübarizə gedib, müxtəlif dövlətlər və siyasi qüvvələr arasında rəqabət davam edib. Osmanlı-Səfəvi münasibətləri, Şirvan və Ağqoyunlu siyasi qüvvələri ilə qarşıdurmalar həmin dövrün mürəkkəb mənzərəsini müəyyənləşdirən əsas amillər sırasında olub.

Ceyhun Məmmədov qeyd edib ki, 1514-cü il Çaldıran döyüşü də bu rəqabətin ən mühüm hadisələrindən biri kimi tarixə düşüb.

Onun fikrincə, bu hadisələrə beş əsr sonra, bugünkü siyasi və ictimai reallıqların içindən baxmaq asandır. Lakin tarixi düzgün anlamaq üçün ilk növbədə həmin dövrün şərtlərini nəzərə almaq lazımdır.

Deputat bildirib ki, XVI əsrdə dövlətlərarası münasibətlər, hakimiyyət uğrunda mübarizə, hərbi-siyasi rəqabət və ərazi uğrunda mübarizə indiki dövrdən fərqli olub. Buna görə də həmin dövrün hadisələrini yalnız müasir meyarlarla mühakimə etmək tarixi reallıqdan uzaqlaşmağa səbəb ola bilər.

Ceyhun Məmmədov bunun tarixi şəxsiyyətlərin tənqid edilməməsi anlamına gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, tarixdə mühüm rol oynamış şəxslərin fəaliyyəti ciddi araşdırılmalı, Şah İsmayılın fəaliyyətinin mübahisəli tərəfləri də müzakirə oluna və müəyyən qərarları tənqid edilə bilər.

“Amma tənqidin özü də faktlara və mənbələrə əsaslanmalıdır”, – deyə deputat bildirib.

Ceyhun Məmmədovun sözlərinə görə, tarixi şəxsiyyəti tənqid etmək başqa, onu müəyyən siyasi və ya şəxsi məqsədə uyğun şəkildə təqdim etmək isə tamamilə başqa məsələdir. Onun fikrincə, yalnız xoşumuza gələn faktları seçmək, digər məqamları kənarda saxlamaq və bundan ümumi nəticə çıxarmaq obyektiv tarixçilik deyil.

Deputat eyni yanaşmanın tarixi şəxsiyyəti həddindən artıq ideallaşdırmağa da aid olduğunu qeyd edib. O bildirib ki, Şah İsmayılın dövlət quruculuğundakı rolunu, hərbi-siyasi fəaliyyətini və ədəbi irsini yüksək qiymətləndirmək onun bütün qərarlarını mütləq şəkildə doğru hesab etməyi tələb etmir.

Ceyhun Məmmədov diqqətə çatdırıb ki, tarixdə heç bir şəxsiyyət səhvsiz olmayıb. Onun sözlərinə görə, tarixi şəxsiyyətə hörmət onun hər addımını müdafiə etmək deyil, onun fəaliyyətini bütün tərəfləri ilə öyrənməkdir.

Deputat Şah İsmayıl Xətai irsinə dövlət səviyyəsində göstərilən münasibətə də toxunub. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı milli-mədəni irsə münasibət ənənəsinin sonrakı dövrdə də davam etdirilməsi bu məsələyə yanaşmanın mühüm göstəricilərindən biridir.

Ceyhun Məmmədov 2018-ci ildə Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr olunmuş “Əbədiyyət xəzinəsi” sərgisinin keçirilməsini də bunun nümunələrindən biri kimi göstərib. Onun sözlərinə görə, sərgi Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunub və Prezident İlham Əliyev də sərgidə iştirak edib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Xətaiyə münasibətini göstərən digər diqqətəlayiq fakt 2020-ci ildə baş verib. Dövlət başçısı Şah İsmayıl Xətainin yeni salınmış parka köçürülmüş heykəlini ziyarət edib və heykəlin önünə gül dəstəsi qoyub.

Ceyhun Məmmədov bildirib ki, bu kimi nümunələr Şah İsmayıl Xətainin irsinin dövlət səviyyəsində yalnız tarixi keçmişin bir hissəsi kimi deyil, milli-mədəni irsin mühüm elementlərindən biri kimi də qorunduğunu və təqdim edildiyini göstərir.

Deputat hesab edir ki, bu faktları nəzərə alanda Şah İsmayıl Xətaiyə münasibəti yalnız bugünkü siyasi mübahisələrin prizmasından qiymətləndirmək doğru olmaz.

Ceyhun Məmmədovun fikrincə, bu gün bəzən tarix müasir siyasi mübahisələrin bir hissəsinə çevrilir. Tarixi şəxsiyyətlər öz dövrünün insanı olmaqdan çıxarılaraq bugünkü siyasi mövqelərin simvoluna çevrilirlər.

“Belə olduqda artıq həmin şəxsiyyətin real fəaliyyəti deyil, onun haqqında formalaşdırılmış təsəvvür müzakirə olunur. Bu yanaşma tarix üçün də, cəmiyyət üçün də faydalı deyil”, – deyə deputat bildirib.

Ceyhun Məmmədov vurğulayıb ki, tarix heç bir siyasi qrupun, şəxsin və ya ideoloji mövqenin şəxsi mülkü ola bilməz. Onun sözlərinə görə, Şah İsmayılın irsi də kiminsə siyasi mövqeyinə uyğunlaşdırılmamalıdır.

Deputat hesab edir ki, Şah İsmayılın fəaliyyəti tarixə aiddir və bu irs müxtəlif mənbələr, elmi araşdırmalar və tarixi faktlar əsasında öyrənilməlidir.

Ceyhun Məmmədov tarixi faktla həmin fakta münasibəti bir-birindən ayırmağın vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, hadisənin nə vaxt baş verdiyi, hansı siyasi qüvvələrin iştirak etdiyi və hansı nəticələr doğurduğu faktlarla müəyyənləşdirilə bilər. Lakin həmin hadisəyə verilən siyasi və ya mənəvi qiymət başqa məsələdir.

Deputat qeyd edib ki, şəxsi münasibəti tarixi fakt kimi təqdim etmək düzgün deyil.

Ceyhun Məmmədovun fikrincə, Şah İsmayılın dövlətçilik fəaliyyəti, hərbi-siyasi qərarları, Azərbaycan türkcəsində yaratdığı ədəbi irs və regionun sonrakı siyasi inkişafına təsiri bir-birindən ayrı deyil, bütöv şəkildə araşdırılmalıdır.

“Tarixi şəxsiyyətləri nə bütləşdirmək, nə də qaralamaq lazımdır. Onları öz dövrləri, gördükləri işlər, qəbul etdikləri qərarlar və yaratdıqları irslə birlikdə qiymətləndirmək lazımdır”, – deyə deputat bildirib.

O əlavə edib ki, tarixə hörmət keçmişi öz baxışımıza uyğunlaşdırmaqdan deyil, onu bütün mürəkkəbliyi ilə anlamağa çalışmaqdan başlayır.

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir

Aynur Camal

Ekspert: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi

Aynur Camal

Ekspert: Vaşinqton anlaşmasından bir il sonra regionda yeni iqtisadi imkanlar yaranır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu