Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Deputat qeyd edib ki, dövlət başçısı müsahibəsində Naxçıvanda həyata keçirilən kadr və struktur islahatlarına toxunaraq əsas hədəfin qədim diyarın davamlı inkişafı, insanların rahat, təhlükəsiz və firavan şəraitdə yaşaması olduğunu vurğulayıb.
Vüqar Bayramovun sözlərinə görə, Naxçıvanda son illərdə həyata keçirilən islahatlar muxtar respublikanın büdcə gəlirlərinə də müsbət təsir göstərib. Onun fikrincə, büdcə gəlirlərinin müxtəlif mənbələr hesabına formalaşması Naxçıvanın maliyyə dayanıqlığını artırıb.
Deputat bildirib ki, 2026-cı il Naxçıvanın büdcə tarixində mühüm ilk ilə yadda qalacaq.
Belə ki, Naxçıvan Muxtar Respublikasının 2026-cı il üçün büdcəsinin gəlir və xərcləri 483 milyon 178 min manat müəyyən edilib. Bu il büdcə gəlirlərinin 2025-ci illə müqayisədə 31 faiz artacağı gözlənilir.
Vüqar Bayramov xüsusilə diqqətə çatdırıb ki, 2026-cı ildə ilk dəfə Naxçıvanın yerli mənbələrdən formalaşan büdcə gəlirləri dövlət büdcəsindən ayrılan dotasiyanı üstələyəcək.
Onun sözlərinə görə, 2026-cı ildə muxtar respublikanın büdcə gəlirlərində daxili mənbələrin payı 271 milyon 550 min manat təşkil edəcək. Dövlət büdcəsindən ayrılacaq dotasiyanın məbləği isə 211 milyon 628 min manat nəzərdə tutulub.
Beləliklə, yerli mənbələrdən əldə ediləcək gəlirlər dövlət büdcəsindən ayrılan dotasiyadan təxminən 60 milyon manat çox olacaq.
Deputat qeyd edib ki, əvvəlki illərdə Naxçıvan büdcəsində dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi yerli mənbələrdən əldə olunan gəlirləri üstələyib. 2026-cı ildə isə bu nisbət dəyişəcək.
Vüqar Bayramov hesab edir ki, Naxçıvanda islahatların növbəti illərdə də dərinləşdirilməsi muxtar respublikanın fiskal dayanıqlığını daha da gücləndirəcək:
“İslahatlar daha çox iqtisadi inkişaf və büdcə gəlirləri deməkdir”.
