Dünya

Cənubi Koreyada ABŞ hərbi təlimlərinin azaldılması narahatlıq yaratdı

ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin altı gün əvvəl başa çatdırılması Seulda təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Qərar ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla yeni danışıqlara hazırlaşdığı bir vaxtda qəbul edilib.

Bugun.tv xəbər verir ki, ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” adlı birgə hərbi təlimləri ABŞ tərəfinin tələbi ilə planlaşdırıldığından altı gün əvvəl başa çatdırılacaq.

Cənubi Koreya Baş Qərargahının açıqlamasına görə, avqustun 17-də başlayan təlimlər əvvəlcə avqustun 27-dək davam etməli idi. Lakin ABŞ tərəfinin müraciətindən sonra komanda-qərargah mərhələsinin avqustun 21-də başa çatdırılması qərara alınıb. Təlimlərin digər hissəsi olan sahə üzrə hərbi məşqlərin də qismən azaldılacağı bildirilib.

“The Guardian” yazır ki, qərar Cənubi Koreya hakimiyyəti üçün gözlənilməz olub. Ölkənin xarici işlər naziri Ço Hyon bildirib ki, Seul ABŞ-ın bu qərarı barədə əvvəlcədən məlumatlandırılmayıb.

Tramp Kim Çen Inla münasibətləri önə çəkir

ABŞ Prezidenti Donald Tramp hərbi təlimlərin azaldılmasını Şimali Koreya lideri ilə münasibətləri ilə əlaqələndirib. Tramp Kim Çen Inla münasibətlərinin çox yaxşı olduğunu bildirərək, ABŞ və Cənubi Koreyanın birgə təlimlərinin Pxenyan üçün düşmənçilik siqnalı verdiyini və baha başa gəldiyini deyib.

Bu qərar Trampın Kim Çen Inla yenidən görüşmək niyyətini açıqladığı bir vaxta təsadüf edir. Məlumatlara görə, ABŞ prezidenti bu ilin payızında, mümkün Asiya səfəri çərçivəsində Şimali Koreya lideri ilə görüş keçirməyə çalışır. Tramp və Kim Çen In ilk prezidentlik dövründə üç dəfə görüşüblər.

Seulda təhlükəsizlik narahatlığı

Təlimlərin azaldılması Cənubi Koreyada müxtəlif reaksiyalara səbəb olub. Müxalifətdəki mühafizəkar Xalq Gücü Partiyası qərarı “təhlükəsizlik fəlakəti” kimi qiymətləndirib. Bəzi siyasətçilər bunun Şimali Koreyanın qarşısının alınması imkanlarını zəiflədə biləcəyindən narahatdırlar.

Digər tərəfdən, Cənubi Koreyanın hakim düşərgəsində təlimlərin azaldılmasının Şimali Koreya ilə dialoq üçün müəyyən imkan yarada biləcəyi düşünülür. Prezident Li Ce Myonq isə ölkəsinin müdafiə imkanlarını gücləndirməsi və müharibə zamanı hərbi qüvvələr üzərində əməliyyat nəzarətini ABŞ-dan tam şəkildə geri alması istiqamətində çağırışını yeniləyib.

ABŞ və Cənubi Koreya arasındakı hərbi əməkdaşlıq Koreya müharibəsindən sonra formalaşan təhlükəsizlik sisteminin əsas sütunlarından biridir. Hazırda Cənubi Koreyada təxminən 28 500 ABŞ hərbçisi yerləşir. İki ölkə hər il birgə genişmiqyaslı hərbi təlimlər keçirir.

“The Guardian”ın yazdığına görə, bəzi ekspertlər Trampın Şimali Koreya ilə danışıqları bərpa etməsi halında hərbi təlimlərin daha da azaldılması və hətta ABŞ hərbi kontingentinin sayının dəyişdirilməsi ehtimalından narahatdırlar. Bu isə Vaşinqton-Seul ittifaqına olan etimadı zəiflədə və Cənubi Koreyada daha müstəqil müdafiə imkanlarına, o cümlədən nüvə çəkindirməsinə dəstəyin artmasına səbəb ola bilər.

Mənbə: The Guardian⁠

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ sanksiyalarını kəskin tənqid etdi

Aynur Camal

İsrail ordusu 5 yaşlı Hind Rəcəbin öldürülməsi ilə bağlı cinayət araşdırmasına başladı

Aynur Camal

Bir şirniyyat sosial medianın gücü ilə İtaliyada dağ sığınacağını turist axınına məruz qoydu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu