Baş xəbər

15 İyun – Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcı

Bugun.tv xəbər verir ki, bu gün Azərbaycanda 15 İyun – Milli Qurtuluş Günü qeyd olunur. Bu tarix xalqımızın müasir dövlətçilik tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.

1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi təhdid altında qoymuşdu. Belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdaraq ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə sabitliyin və dövlət quruculuğu prosesinin əsası qoyuldu. Məhz həmin dövrdən etibarən Azərbaycanın inkişaf və tərəqqi mərhələsi başladı, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.

Bu gün Azərbaycan tənəzzüldən xilas olaraq güclü və müstəqil dövlət kimi dünya miqyasında tanınır, beynəlxalq arenada öz layiqli yerini tutur.

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna görə də, ölkəmiz müstəqil və balanslaşdırılmış siyasəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilib.

Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün doğma Qarabağda Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.

Qazanılan bütün uğurların əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, milli həmrəylik dayanır.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik iradəsinin, birliyinin və müstəqilliyə sadiqliyinin rəmzi olaraq tarixdə xüsusi yer tutur.

Aynur Camal

Oxşar xəbərlər

Məzahir Əfəndiyev Ağdaş və Göyçayda “Son zəng” tədbirlərində iştirak etdi

Aynur Camal

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu