Bugun.tv xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Hakan Fidanın 15-17 iyun tarixlərində Moskvaya planlaşdırılan səfəri ərəfəsində iki ölkə arasındakı əməkdaşlıq və liderlər səviyyəsində təmasların əhəmiyyətinə dair açıqlama yayıb.
Bildirilib ki, Hakan Fidan səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ABŞ və İsrailin İrana qarşı hərəkətləri fonunda Yaxın Şərqdəki gərgin vəziyyət, Fələstin məsələsinin həlli yolları, eləcə də Qara dəniz regionunda təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Tərəflərin Suriya və Liviyadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparacağı qeyd olunub. Rusiya tərəfi Türkiyə ilə Suriyada sabitliyin təmin olunması istiqamətində əməkdaşlığın davam etdirildiyini vurğulayıb.
Açıqlamada həmçinin Cənubi Qafqazda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, regional əməkdaşlıq və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin də gündəmdə olacağı bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin rusiyalı turistlər üçün ən cəlbedici istiqamətlərdən biri olduğunu qeyd edib. Məlumata görə, ötən il 6 milyon 900 min Rusiya vətəndaşı Türkiyəyə səfər edib.
Açıqlamada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müntəzəm təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanaraq qeyd olunub ki, iki lider ötən il iki dəfə görüşüb, 2025-2026-cı illərdə isə səkkiz telefon danışığı aparıb.
“Putin və Ərdoğanın müntəzəm təmasları Rusiya-Türkiyə siyasi dialoqunun inkişafında əsas rol oynayır”, – deyə açıqlamada bildirilib.
Mənbə: Ensonhaber
