Bugun.tv xəbər verir ki, Niderlandda yerləşən Utrext Universitetinin kitabxana kolleksiyasında Homerin məşhur “Odysseia” dastanının təxminən 1700 il əvvələ aid nadir fraqmenti aşkarlanıb.
Radboud Universitetinin tədqiqatçısı Mark de Kreij qədim əlyazmaları araşdırarkən oyun kartı ölçüsündə kiçik bir perqament parçasına rast gəlib. Qədim yunan dili üzrə mütəxəssis olan De Kreij üzərindəki yazılardan parçanın “Odysseia”ya aid olduğunu müəyyənləşdirib.
Alimlərin fikrincə, fraqment eramızın III və ya IV əsrində Misirin Fəyyum bölgəsində hazırlanmış kiçik ölçülü “Odysseia” nüsxəsindən qalıb. Dünyada həmin dövrə aid cəmi 30-a yaxın oxşar fraqmentin məlum olduğu bildirilir.
Parçada dastanın XII kitabından bir hissə yer alır. Burada Odisseyin yoldaşlarının günəş tanrısı Heliosun müqəddəs mal-qarasını kəsməsi və yeməsi təsvir olunur. Hadisədən sonra Zevs güclü fırtına göndərir və Odisseyin bütün yoldaşları həlak olur.
Tədqiqatçılar hesab edirlər ki, parçanın kitabın orta hissəsindən qalması onun uzun müddət qorunmasına kömək edib.
Mənbə: Trt.haber
