“Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam dövlətin sosial siyasətində vətəndaşların rifahının yüksəldilməsinin prioritet olduğunu bir daha göstərir”.
Bugun.tv xəbər verir ki, bu barədə açıqlamanı iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.
Deputat bildirib ki, 200 manatlıq birdəfəlik maddi yardım yalnız hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur. Bu isə o deməkdir ki, sosial dəstək təxminən 76 min ailəni əhatə edəcək. Ünvanlı sosial yardıma müraciət etmiş, lakin hələlik yardım təyin olunmayan ailələr bu ödənişdən yararlana bilməyəcək.
Vüqar Bayramovun sözlərinə görə, yardımların ödənilməsi proaktiv qaydada həyata keçiriləcək. Vətəndaşların hər hansı quruma müraciət etməsinə və ya yeni bank kartı almasına ehtiyac yoxdur. Birdəfəlik 200 manat mövcud ünvanlı sosial yardım kartlarına köçürüləcək və digər sosial proqramlarda iştirak edən, lakin ünvanlı sosial yardım almayan şəxslərə bu ödəniş şamil olunmayacaq.
