Bugun.Tv xəbər verir ki, hər il oktyabrın 29-da Ümumdünya İnsultla Mübarizə Günü qeyd olunur. Günün əsas məqsədi insanların insultun əlamətləri, risk amilləri və vaxtında tibbi yardımın əhəmiyyəti barədə məlumatlılığını artırmaqdır. 2026-cı ilin beynəlxalq kampaniyası “Hər dəqiqə önəmlidir” mesajı ilə insanları insult əlamətlərini tanımağa və dərhal hərəkətə keçməyə çağırır.
İnsultun hansı əlamətlərinə diqqət yetirmək lazımdır?
İnsult beyin qan dövranının pozulması nəticəsində yaranan, təcili tibbi müdaxilə tələb edən təhlükəli vəziyyətdir. Onun əsas əlamətləri qəfil başlayır:
- Üzün bir tərəfinin sallanması və ya əyilməsi;
- Bir qolun və ya ayağın zəifləməsi, keyiməsi;
- Danışığın dolaşması, sözləri anlamaqda çətinlik;
- Qəfil görmə pozuntusu, başgicəllənmə və tarazlığın itirilməsi;
- Səbəbi bilinməyən, qəfil və çox güclü baş ağrısı.
Belə vəziyyətdə nə etmək lazımdır?
İnsultun əlamətlərindən biri müşahidə edilərsə, vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır. Əlamətlərin öz-özünə keçməsini gözləmək təhlükəlidir. Hətta bir neçə dəqiqədən sonra aradan qalxan əlamətlər də ciddi problemin göstəricisi ola bilər.
Əlamətlərin ilk dəfə nə vaxt başladığını qeyd etmək həkimlərə müalicə qərarının verilməsində kömək edir. İnsult zamanı hər dəqiqə önəmlidir: vaxtında tibbi müdaxilə beyin zədələnməsini azalda və sağalma imkanlarını yaxşılaşdıra bilər.
Ümumdünya İnsultla Mübarizə Günü hər kəsə xəstəliyin əlamətlərini öyrənməyin və təhlükə zamanı dərhal yardım çağırmağın vacibliyini xatırladır.
Mənbə: WorldNews
