Bugun.tv xəbər verir ki, İranın Təbriz şəhəri yaxınlığında yerləşən Kandovan kəndi qeyri-adi yaşayış məskənlərindən biri kimi diqqət çəkir. Sönmüş vulkanın yaratdığı qayalıqların içində salınan kənddə insanlar təxminən 700 ildir təbiətlə iç-içə həyat sürürlər.
Məlumata görə, milyonlarla il əvvəl baş vermiş vulkan püskürmələrindən qalan yumşaq tuf qayalar XIII əsrdən etibarən yerli sakinlər tərəfindən oyularaq yaşayış evlərinə çevrilib. Bu gün də kənddə yüzlərlə insan yaşayır.
Kandovan evlərinin əsas xüsusiyyətlərindən biri onların yayda sərin, qışda isə isti olmasıdır. Vulkanik süxurlar təbii izolyasiya yaratdığı üçün qayaların içində yerləşən evlər isti və soyuq hava şəraitinin təsirini azaldır. Buna görə də evlərdə ənənəvi mənada kondisioner və təbii qaz sistemlərinə ehtiyac daha az olur.

Evlərin aşağı mərtəbələri əsasən tövlə və ərzaq anbarı kimi, yuxarı hissələri isə yaşayış otaqları kimi istifadə edilir. Evlər və mərtəbələr arasında keçid qayaların içində yaradılmış dar pilləkənlərlə təmin olunur.
Kandovan kəndində hazırda elektrik, su və internet kimi müasir imkanlar da mövcuddur. Qeyri-adi quruluşu və qədim yaşayış ənənəsi kəndi həm yerli, həm də xarici turistlər üçün maraqlı məkana çevirib.
Mənbə: EnSonHaber
