Almaniyanın sabiq Prezidenti (2012-2017) Yoaxim Qauk hesab edir ki, ölkəsi Rusiyadan gəldiyi iddia olunan potensial hərbi təhlükəni dəf etmək üçün kifayət qədər hazır deyil və indiki dövr soyuq müharibə dövründən daha təhlükəlidir.
Bugun.tv xəbər verir ki, sabiq Prezident bu fikrini Bild am Sonntag qəzetinə müsahibəsində bildirib.
Keçmiş dövlət başçısı deyib: “Biz həqiqətən də Rusiyadan gələn hərbi təhlükəyə kifayət qədər hazır deyilik. Bir çox mütəxəssisi narahat edən də budur. Biz bəlkə də soyuq müharibə dövründən daha təhlükəli dövrlərdə yaşayırıq. Soyuq müharibə zaman hadisələri müəyyən qədər proqnozlaşdırmaq mümkün idi”.
Yoaxim Qaukun fikrincə, ölkənin müdafiə qabiliyyətinin artırılmasına və müharibənin qarşısının alınması tədbirlərinin təkmilləşdirilməsinə daha çox sərmayə qoyulmalıdır: “Prezident seçkilərindən sonra ABŞ-ın NATO-ya nə dərəcədə sadiq qalacağı məlum deyil. Buna görə də Avropanın hərbi imkanlarını genişləndirmək çox vacibdir”.
Qauk, həmçinin Almaniya Kansleri Olaf Şolts hökumətini Kiyevə silah tədarükü məsələsində, xüsusilə də çox müzakirə olunan “Taurus” qanadlı raketlərinin ötürülməsi məsələsində qətiyyətsizlikdə ittiham edib. O deyib: “Almaniya Ukraynanı hər cür dəstəkləməlidir. Çünki Rusiyanın ortamüddətli perspektivdə qələbəsi digər Avropa dövlətlərinin təhlükəsizliyini təhdid edəcək”.
Qeyd edək ki, Almaniyadan Ukraynaya humanitar, maliyyə və hərbi yardımların ümumi məbləği 2022-ci ilin fevral ayından bu yana 25 milyard avronu ötüb. Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, Qərbin Kiyevə silah göndərməsi və Ukrayna hərbçilərinin təliminə kömək etməsi yalnız münaqişəni uzadır və bu, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.